Milyonlarla suriyalını Türkiyə xilas etdi – Tural İrfan
Bir ərəb siyasətçi zarafatla yazır ki, bəziləri Ərdoğanın Türkiyəni ərəbləşdirdiyini zənn edirdi, halbuki o ərəbləri türkləşdirirmiş…
Həqiqətən də Türkiyədən vətənlərinə dönən suriyalılar türk dilini çox mükəmməl öyrənib, türk tarixini, mədəniyyətini mənimsəyiblər. Suriyada qalanlar, yəni azadlığa qədər müxaliflərin nəzarətində olan regionlardakılar da həmçinin.
Bunu sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan deyib.
O bildirib ki, milyonlarla insanın məhz Türkiyənin sayəsində işgəncələr zindanından xilas edilməsi, vətənlərinin Sasani işğalından qurtarılması ümumislam aləmi üçün bayram abu-havası yaradıb:
“Bu gün bütün Suriyanın dili də qəlbi də Ərdoğan, Türkiyə deyir, təşəkkür edir, özünü borclu bilir. Suriyada dükanlarda ərəblərin türklərdən pul almadığı kadrlar var. Türkiyədən Suriyaya dönən bir şamlı müsahibədə deyir ki, orada üç evim var, əgər türklər gəlsə onun üçünü də verib özüm əqrabalarımın evində qalaram.
Milyonlarla suriyalını Türkiyə xilas etdi, yaşatdı, oxutdu, sonda da torpaqlarını xilas edib yola saldı. Bundan böyük xöşbəxtlik, izzət, şərəf, şöhrət ola bilməz. Artıq Şamda Türkiyə səfirliyi fəaliyyətə başladı, Türkiyə bayrağı asıldır”.