Rusiya Türkiyəylə müharibəyə gedərmi? – Şərh
Suriyada vəziyyətin gərginləşməsində maraqlı tərəflərlər haqqında müxtəlif fikirlər var. Heç şübhəsiz ki, bu da qlobal dünya bölgüsünün bir parçasıdır. Yaxın Şərqdə İsrail, HƏMAS, Livan arasında atəşkəsin əldə olunmasından dərhal sonra, Suriyada “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının Bəşər Əsəd rejiminə, Suriya ordusuna qarşı hücuma keçməsi heç də təsadüfi deyil.
Suriyaya qarşı ABŞ sanksiyalarının müddəti bu ilin sonunda bitməli idi. Ancaq yeni gərginlik tətbiq edilən sanksiyaların uzadılmasını təmin edəcək. Suriyada konflikt yenidən alovlanandan sonra, ABŞ Dövlət Departamentinin açıqlamasında, “Suriya siyasətimiz dəyişməyib və biz Əsədi hələ də əlləri günahsızların qanına bulaşmış qəddar bir diktator olaraq görürük” – deyə bildirib.
Sosdem.az-a danışan Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov bildirib ki, İsrailin yeni güc toplaması, İrana aid proksi qüvvələrin bərpası, eləcə də İsrailin apardığı müharibəyə qarşı beynəlxalq təzyiqləri, hüquqi məhdudiyyətləri dəf etmək üçün atəşkəs zərurət idi:
“Ancaq regionda-Yaxın Şərqdə müharibə davam etməli idi və yeni, ancaq ehtiyat gərginlik ocağının alovlanacağı gözlənilən idi.
İran və Rusiya Suriyada da eyni mövqedən çıxış edir. Bu günlərdə İran prezidenti Pezeşkian və Rusiya prezidentləri arasında Suriyadakı vəziyyəti müzakirə etməsi də məhz prosesin nəzarətdən kənar baş verdiyinin əlamətidir. Rusiya və İranın Suriyada hərbi mövcudluğu üçün nisbi sabitlik, nisbi sülh ən optimal variantdır. Həmçinin, İsrailin faktiki olaraq İrana aid qüvvələrə, siyasi lider və yüksək rütbəli hərbiçilərə qarşı uğurlu hərbi əməliyyatları İranı yeni gərginlikdən və iştirakçı olmaqdan çəkindirir.
Suriyada münaqişənin yenidən alovlanmasına ən az maraqlı tərəf Rusiyadır. Rusiya Ukraynada apardığı ağır müharibədə və verilən məlumatlara görə tərəflərin qarşılıqlı yeni hücuma hazırlaşdığı bir dövrdə Rusiya hərbi gücünü parçalamaqda maraqlı ola bilməz. Artıq Rusiya hərbi hava qüvvələri Suriya ordusuna kömək etməyə məcbur olub. Rusiya Gürcüstanda, Ermənistanda da Qərblə açıq mübarizədədir”.
Türkiyəyə gəldikdə isə, siyasi şərhçi bir neçə xüsusi məqama diqqət çəkib:
“Suriyada Türkiyə, İran və Rusiya kimi, hərbi mövcudluğu ilə faktiki olaraq Bəşər Əsəd hakimiyyətinə, Rusiya və İrana qarşı qüvvədir. “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasına da Türkiyənin təsir imkanları böyükdür. ABŞ dövlət departamentinin rəsmisi Metyu Miller Türkiyədən Suradakı nüfuzundan istifadə edərək konflikti dayandırmağa kömək etməyə çağırması proseslərə Türkiyənin iştirakının sübutu kimi qiymətləndirilə bilər.
Suriyada uzun nisbi sakitlikdən sonra, heç şübhəsiz ki, Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Ərdoğanla Suriya prezidenti Bəşər Əsəd arasında münasibətlərin normallaşması üçün cəhdlər edib. Bir neçə dəfə Türkiyə prezidenti cənab Ərdoğan Bəşər Əsədlə görüşməyə, müzakirəyə hazır olduğunu bəyan etsə də Bəşər Əsəd görüşdən yayınıb.
Ərdoğan BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a uçmazdan əvvəl də, Suriya lideri Bəşər Əsədlə görüşməyə hazır olduğunu və qarşı tərəfdən cavab gözlədiyini açıqlamışdı. Lakin, Bəşər Əsəd Ərdoğanla görüşməkdən yenə də yayındı. Noyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında keçirilən İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Fövqəladə Birgə Zirvə Toplantısında iştirak edib. Orada da Bəşər Əsədlə Ərdoğanın görüşü baş tutmayıb”.
Başqan müavini vurğulayıb ki, Bəşər Əsədin Ərdoğana qarşı bu davranışları cavabsız qala bilməzdi:
“Baxmayaraq ki, Türkiyə rəsmi qaydada Suriyada alovlanan münaqişədə tərəf olmadığını açıqlayıb. İsrailin atəşkəsə razılaşmasından sonra, ehtiyat münaqişə ocağına ehtiyacın ortaya çıxması ilə Qərbin Türkiyə ilə maraqları Suriyada bir-birini tamamlayır.
Hərçənd ki, mövcud vəziyyət Türkiyə-Rusiy münaqişəsi ehtimalı yaratsa da, Rusiyanın Türkiyə ilə konfliktə gedəcəyi heç inandırıcı deyil. Bu, Rusiyanın Türkiyə ilə həm siyasi-diplomatik, iqtisadi ehtiyaclarına, həm də hərbi imkanlarına uyğun gəlmir”.