Xəbərlər

Dinlərin iqlim dəyişmələrinə təsiri – İlahiyyatçı

“Həqiqətən dinlərin mənəvi potensialı və bəşəriyyətin sabit və sağlam yaşamına xidmətdə rolu böyükdür”.

Bunu Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, ilahiyyatçı Tural İrfan deyib.

O bildirib ki, ümumbəşəri nizamın sabitliyi Allahın yaratdığı kimi qalmalıdır:

“Səmavi dinlər dənizlərin qurudulmasını, çayların çirkablanmasını, havanın zəhərlənməsini qadağan edir. Kütləvi qırğın silahları, hidrogen, fosfor bombaları kimi təbiətin korlanmasına səbəb olan  silahların istifadəsini dinlər qadağan edir. İqlimin dəyişməsi əsasən müasir istehsalatda dünya ölkələrinin bəzilərinin təbiəti korlaması ilə əlaqəlidir.

Cənab Prezidentin ifadəsi ilə desək, həqiqətən dinlərin potensialı iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək iqtidarındadır. Ən mühafizəkar və ən zəif dindar belə təbiətin, iqlimin korlanmasının əleyhinədir. İslam dini isə daha güclü potensiala sahibdir. Peyğəmbərimiz buyurur ki, qiyamətin qopmasına bir gün də qalsa əlinizdəki fidanı əkin. Yəni təbiətin, ağacların, çayların, meşələrin qorunmasına xüsusi həssaslıqla yanaşılır dinimizdə. Hətta savaşlarda İslam Peyğəmbəri əmr edərdi ki, su quyularını doldurmayın, ağacları kəsməyin, təbiəti korlamayın”.

T.İrfanın sözlərinə görə, islam dinində Allahın bəşəri nizam üçün yaratdığı təbii hadisələrin məcrasını dəyişmək qadağandır:

“Yəni belə şeylər Allahın işinə qarışmaq kimi qəbul edilir və böyük günah sayılır. İqlim dəyişmələri əsasən ağır silahların istifadəsi, kimyəvi maddələrdən istehsalat zamanı havanın, təbiətin zəhərlənməsi, meşələrin məhvi zamanı baş verir ki, İslam dini də bunlara qarşıdır. İslam dininin əsas prinsiplərindən biri də ümumi, bəşəri mizanı əyilməyə qoymamaqdır.

Quranda buyurulur ki, Allah hətta inkarçılara da ruzi verir ki, onlar da onun bəndələridir. Təbiəti Allah-təala insanlıq üçün xəlq edib. Süni vasitələrlə, müharibələrlə, nüvə silahları ilə iqlimin korlanmasına gətirib çıxaran əməllər İslam dinində ən ağır cinayət hesab olunur. Əxlaq normalarını ön planda saxlayan İslam dini nəinki təbiətin, iqlimin süni şəkildə dəyişdirilməsinə qarşı çıxır, hətta fərdi şəxslərin belə atmosferi korlayan mənfi vərdişlərini də haram sayır.

Qəzavü-qədərə iman, təbiət hadisələrinin orijinal məcrasına müdaxilə etməmək İslam dininin əqidə əsasıdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu