Xəbərlər

Media qurumları “baxış sayı”ndan asılıdır, bunun üçün də… – Deputat

İctimai və dövlət maraqlarının müdafiəsi müasir dövrün ən mühüm şərtlərindən biridir. Bu, hər bir vətəndaşın qarşısında duran mühüm məsələlərdəndir. Yəni hər bir vətəndaş kimliyindən asılı olmayaraq dövlətin, ictimaiyyətin maraqlarına xidmət etməyə borcludur.

Milli Cəbhə Partiyasının başqanı, deputatı Razi Nurullayev bildirib ki, İctimai və dövlət maraqlarını müdafiə etmək, yalnız dövlətin deyil, eyni zamanda vətəndaşların və hüquqi şəxslərin də üzərinə düşən son dərəcə mühüm bir məsuliyyətdir:

“Azərbaycanda 10 milyondan çox insan yaşayır. Belə bir mühitdə hər bir vətəndaş üzərinə düşən öhdəlikləri daha dərindən araşdırmalı, bu məsuliyyətin nə qədər önəmli olduğunu dərk etməlidir. Bu kontekstdə ictimai maraqların və dövlətin qorunması üçün ilk növbədə, biz rəsmi mənbələrdən, sosial şəbəkələrdən düzgün və etibarlı məlumatlar əldə etməliyik. Eyni zamanda, bu məlumatları düzgün qiymətləndirərək, onlardan doğru nəticələr çıxarmaq da vacibdir. Hazırda sosial şəbəkələrdə yayılan məlumatların hər birinə inanmaq doğru deyil. İlk növbədə, bu məlumatların nə dərəcə həqiqəti əks etdirdiyi mütləq yoxlanmalı və rəsmi qaydada təsdiq edilməlidir. Əks halda, yanlış məlumatlara inanmaq, bu barədə fikir bildirmək və ya hər hansı bir fəaliyyət həyata keçirmək ictimai və dövlət maraqlarına oldquca ziddir.

Eyni zamanda, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları da bu sahədə ciddi fəaliyyət göstərirlər. İllər əvvəl vətəndaş cəmiyyəti institutları və qeyri-hökumət təşkilatları xaricdən maliyyələşdirilirdi. Lakin bu təşkilatların bəziləri dövlətə zidd olan maraqlara xidmət edirdilər. Onları xaricdən maliyyələşdirən qurumlar isə öz növbəsində müəyyən maraqlara xidmət edirdilər. Bu qurumlar, insan hüquqları və demokratiya adı altında müxalifət partiyaları ilə əməkdaşlıq edərək, bəzən cəmiyyətin birliyini zədələyirdilər. Məhz bu səbəbdən, Azərbaycan bu sahədə ciddi addımlar ataraq qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşməsini demək olar ki, dayandırdı. Bu həm də cəmiyyətin sağlam inkişafını təmin etmək məqsədini güdür.

Həmçinin ictimai maraqların müdafiəsi kütləvi informasiya vasitələrinin üzərinə düşən mühüm bir öhdəlikdir. Bu gün kütləvi informasiya vasitələri ictimai və dövlət maraqlarının qorunması üçün aktiv fəaliyyət göstərirlər. Mən əminliklə deyə bilərəm ki, Azərbaycanın çoxsaylı və keyfiyyətli media qurumları, jurnalistləri var. Lakin, KİV-lərin maliyyə resurslarına çıxışının asanlaşdırılması, maliyyə dəstəyinin artırılması və reklam bazarının onlar üçün daha əlçatan olması məsələlərinin tam təmin olunması inkişafı daha irəli nöqtələrə daşıyan məsələlərdən hesab olunur. Çünki hazırda əksər media qurumları baxış sayından daha çox asılıdırlar. Bu vəziyyət bəzən jurnalistlərin də dövlət maraqlarına zidd olan xəbər başlıqları və ya məlumatları paylaşılmasına yol açır.

Bu səbəbdən düşünürəm ki, yalnız birlikdə, sağlam bir informasiya mühiti yaradaraq və ictimai maraqları müdafiə edərək, gələcəyimizi daha aydın və parlaq edə bilərik. Bu məqsəd uğrunda atılan hər bir addım, cəmiyyətimizin inkişafında mühüm rol oynayacaqdır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu