Xəbərlər

Bakıda yağış faciəsi: Kim cavab verəcək? – HÜQUQİ YANAŞMA

Subasma nəticəsində tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya ödənilməlidir.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının Hüquq Şöbəsinin müdiri, hüquqşünas Vüqar Dadaşov deyib.

“Son iki gün nəticəsində yağan yağışlar gün kimi aydın olan “qaranlıqları” ortaya çıxardı. Az qala milyardlar xərclənən tunellərin tikintisi ilə bağlı rəsmi şəxslərin etirafı məcburiyyətindən olsa da bir irəliləyişdir”, deyən hüquqşünas əlavə edib ki, “Bakını dözülməz vəziyyətə salan, tamahları bir neçə insan ölümünə səbəb olan vəzifəli şəxslər əməllərinə görə cavab verməlidirlər:

“Həmçinin “tunel”də boğularaq ölən işçilərin ailələrinə muavnət və kompensasiya ödənilməlidir. İnsan ölümü aydındır ki, xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir və cinayət məsuliyyətinə cəlb etmə müddəti isə 20 il hesablanır. Verilən son məlumatlara görə tuneldə boğulan şəxlər iş başında olublar. Qüvvədə olan əmək qanunvericiliyinə görə, ölən işçilərin ailələrinə muavnət və kompensasiya ödənilməlidir.

Əvvəla, Əmək Məcəlləsinin 304-307 maddələrinin tələblərinə görə hər bir işçi sığortalanmalıdır. Əgər işçi müəssisə tərəfindən sığortalanması da, bu müəssisənin məsuliyyətnə aidd edilir və işçinin və onun ailəsinin mülki hüquqları digər normativ aktlarla qorunması təmin edilir. “İstehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsindən icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə də İşçinin ölümü zamanı birdəfəlik müavinət ödənilir. Həmçinin dəfnə görə də muavnət verilir. Sığorta müavinətinin minimum məbləği ölümə qədər ölmüş işçinin son 12 ay ərzində orta əmək haqqının üç mislinə bərabərdir.

Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir. Yəni, əgər işçinin əmək haqqı aylıq 800 manat idisə, onda müavinətin miqdarı azı (800×3=2400) 2400 manat təşkil etməlidir.

İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir.

Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.

Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu