Xəbərlər

“Azərbaycan son 21 ildə mühüm nailiyyətlərə imza atıb” – RƏY

Azərbaycan son onilliklərdə mühüm nailiyyətlər əldə edib. Bu nailiyyətlər ölkənin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək və hüquqi dövlət quruculuğunu gücləndirmək istiqamətində aparılan islahatlar nəticəsində əldə olunub. Bu dövrdə Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin sosial təminatının yaxşılaşdırılması, insan hüquq və azadlıqlarının qorunması – bütövlükdə hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatlar mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın 30 ildən artıq işğal altında qalmış torpaqlarını 44 gün ərzində azad etməsi və ardınca antiterror əməliyyatları nəticəsində suverenliyini bərpa etməsi əldə olunan diplomatik nailiyyətlərin zirvəsidir.

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, son onilliklərin diplomatik gedişlərinə nəzər yetirdikdə Azərbaycanın əldə etdiyi uğurları, nailiyyətləri və zəfərləri görməmək mümkün deyil.

Onun sözlərinə görə, Azərbaycan məhz balanslı siyasət yeridərək qonşuları ilə normal münasibət saxlamaqla bərabər, həm də diplomatik sahədə neytrallığını qorumağa nail ola bilib və bu fonda da ordu quruculuğunu gücləndirib. Deputat vurğulayıb ki, Azərbaycan diplomatik gedişlərini artıraraq həmçinin bir çox beynəlxalq təşkilatlarda da nüfuzunu gücləndirməyi bacarıb:

“Məhz Qoşulmama Hərəkatında Azərbaycanın bir neçə il sədrlik etməsi onunla nəticələndi ki, 100-dən çox ölkə Azərbaycana səfər etdi, Azərbaycanın realllıqlarını gördü və eyni zamanda o Hərəkat çərçivəsində və platformasında həmin ölkələrlə Azərbaycanın haqq yolu ilə bağlı işlər aparıldı, onlara Azərbaycanın haqq işinin məğzi izah edildi. Onlar reallıqda gördülər ki, haqlı tərəf Azərbaycandır. Məhz bunun sayəsində də onlar müxtəlif platformalarda, o cümlədən BMT və digər kürsülərdə Azərbaycanın haqq işini dəstəklədilər. Amma başda Fransa olmaqla yalnız bir neçə ölkə Azərbaycana təzyiq göstərməyə başladı. Demək olar ki, Fransa belə bir məqamda hətta BMT-də və BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hər hansı bir sərt addımın atılmasına nail ola bilmədi, çünki digər ölkələr bunun qarşısını aldılar. Buna Azərbaycanın həm də neft və qaz faktorundan doğru-düzgün istifadə etməsi hesabına nail olundu. Çünki neftlə və qazla Azərbaycanın ABŞ və digər ölkələrlə əməkdaşlığı məhz bu ölkələrdə də Azərbaycanın münasibətlərinin yaxşılaşmasına, bu ölkələrdə müəyyən bir lobbinin yaranmasına səbəb olmuşdu”. 

Milli Məclisin deputatı ölkəmizin geostrateji regionda yerləşməsinin əhəmiyyətindən də danışaraq bildirib ki, Azərbaycan bundan istifadə edərək müxtəlif nəqliyyat dəhlizlərinə ev sahibliyi edir:

“Azərbaycanın bu nəqliyyat dəhlizlərinə, neft və qaz borularına ev sahibliyi etməsi və özünün enerji siyasətini, eləcə də diplomatiyasını doğru səmtdə qurması da bu sahədə nailiyyətlər əldə etməsinə səbəb olub”.

R.Nurullayev həmçinin Azərbaycanın işğaldan altında qalmış torpaqlarının azad edilməsində diplomatiyanın rolundan da söz açıb:

“Təbii ki, Qarabağın azad edilməsi onilliklər boyu düşünülmüş və zərrə-zərrə həyata keçirilmiş bir diplomatiyanın və siyasətin nəticəsidir. Əgər Azərbaycanın ordusu və müdafiə sənayesi gücləndirilməsəydi, biz buna nail ola bilməzdik. Məhz hərbi istiqamətdə diplomatiyanın və siyasətin həyata keçirilməsi Qarabağ müharibəsində əsas rol oynadı. Azərbaycan, demək olar ki, dünyanın ən müasir silahlarına malik ölkələrindən biridir. Məhz bu siyasətin və diplomatiyanın nəticəsində Qarabağda məhz 44 gün ərzində qələbəyə nail olmaq mümkün oldu”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu