Xəbərlər

Dəfn edilələnlərin yarısı qəbirdə ayılır, bağrı yarılıb təzədən ölür – İLAHİYYATÇI

Ölünü dəfnə tələsmək, yaxud ölməmiş dəfn edilənlər…

Bəzi hədislərdə ölüləri tez dəfn etmək nəql edilib. Lakin Peyğəmbər özü iki gündən sonra dəfn edilib. Bu ziddiyyətə səbəb nədir? İndi izah edəcəyik. Düzdür, Həzrət Muhəmməd əleyhissəlamdan rəvayət edilib ki, ölülərinizin dəfnini ləngitməyin. Cahiliyyə dövründə ölülərin dəfnini ləngidib üstündə indiki kimi ağlaşma məclisi qururdular. Axirət inancı olmadığı üçün sanki insanı bu dünyadan, zənn etdikləri yoxluq aləminə yollamağa tələsmirdilər. İnanırdılar ki, adam öldü, vəssalam. Həyat bitdi.

Bu sözləri Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, ilahiyyatçı Tural İrfan deyib.

O, peyğəmbərin dərhal dəfn etməyi, ölünün axirət aləminin ilk mərhələsinə mümkün qədər tez daxil olmalı olduğunu buyurduğunu bildirib:

“Əgər cəhənnəmliksə cəmdəyi hər nə qədər bu dünyadan tez rədd eləsən bir o qədər yaxşıdır ki, layiq olduğu yerə vasil olsun. Yox, əgər cənnətməkansa bu əzablı dünyadan onu gözləyən ali mərtəbəyə tez qədəm qoysun. Təbii ki, məcazi mənada.

Eyni zamanda isti coğrafiyada ölünün qoxuması, cəsədin dağılması və yaxınlarının kədərinin artması arzu edilən deyil. Bəzən, bəzi yerlərdə meyiti bir neçə gün saxlayırlar, ağlamaqdan, ağı deməkdən yaxınlarının əhvalı, səhhəti korlanır. Peyğəmbərin vəfatı ilə dəfni arasında bir neçə günlük fasilə isə iki səbəbdən baş verdi. İlk səbəb o idi ki, qəfil vəfat etdi, hətta səhabələrdən çoxu inanmadı. Həzrət Ömər bin əl Xəttab bəyan etdi ki, o Musa peyğəmbər kimi Allahla görüşə gedib, dönəcək… Lakin Həzrət Əbu Bəkr əhaliyə xitab edərək bildirdi ki, kim Peyğəmbərə sitayiş edirdisə bilsin ki, o vəfat edib. Yox, əgər kim Allaha sitayiş edirdisə bilsin ki, O ölə bilməz…

İkinci səbəb isə onun harada dəfn ediləcəyinin müzakirəsi idi. Bəziləri peyğəmbərlər yurdu Qüds şəhərinə aparmağı, bir qismi Məkkədə dəfn etməyi lazım bilirdi. Ancaq buna da sonda Əbu Bəkr xətm verdi. Belə ki, o elan etdi ki, mən Peyğəmbərdən eşitmişəm, o buyurdu ki, elə bir peyğəmbər olmayıb, ruhu bədənindən çıxdığı yerdə dəfn olunmasın. Beləcə Həzrət Peyğəmbərin dəfni bir qədər təxirə düşdü. Ancaq bütün mənbələrə görə onun cəsədində heç bir dəyişiklik, xoşagəlməz qoxu hiss olunmadı, əksinə müşk – əmbər ətri gəlirdi.

Bəzi ateistlər və Qərbdən idarə olunan İslam əleyhdarları bu hadisəni təhrif edirlər. Onların yanaşması tamamilə cəfəngiyyat və qərəzlidir.

Ola bilsin ləngimənin bir səbəbi də o Həzrətin vəfatına tam əmin olmaq üçün idi. Çünki Peyğəmbərin ölümünü İslama təzə gəlmiş insanların belə asan qəbul etməsi çətindi. Eyni zamanda uzaq bölgələrdən gələn şəxslərin də cənazə namazında iştirak edib öz əziz Peyğəmbəri ilə vidalaşmaq haqqı vardı.

“Bəzi ara qatanlar iddia edir ki, guya səhabələr, müsəlmanlar xilafət davasına girişiblər və başları vəzifə iddiasına elə qarışıb ki, hətta Peyğəmbərin dəfni yaddan çıxıb”, deyən ilahiyyatçı, bunun tamamilə böhtan, əsassız olduğunu bildirib:

“Peyğəmbəri əmisi oğlu və kürəkəni Həzrət Əli bin Əbu Talib əmisi Abbasın oğulları və başqa bir neçə nəfərlə qüsl-kəfən edib. Əshabın çoxu da sıra-sıra, dəstə-dəstə cənazə namazı qılıb. Çünki Həzrət Peyğəmbərin cənazəsi vəfat etdiyi və dəfn olunacağı kiçik otağında qoyulmuşdu. Orada bütün əshabın eyni zamanda namaza durması mümkün deyildi. Odur ki, bu proses iki gün çəkdi. Xilafət məsələsini müzakirə edənlər isə çoxluq deyil, azsaylı bir neçə şəxs idi ki, onların orada olmamasının dəfnə aidiyyəti yoxdur. İmam Əli dərhal qüsl – kəfən etdiyi kimi istəsəydi elə dərhal da dəfn edərdi…

Fəqət müsəlmanlar ölülərini nə vaxt dəfn etməlidirlər? Hazırki müasir dövrü, şəraiti, tibbi imkanları nəzərə alaraq demək olar ki, ölünüzü dərhal dəfn etməyin. Evdə vəfat edənlər üçün mütləq həkim çağırın. Çünki ölüm halı dəqiq təyin edilməlidir.

Orta əsr böyük İslam hüquşünası və filosofu, Kardovada qazı işləmiş məşhur təbib İbn Rüşd “Bibayətul muntəqid – Nihayətul müctəhid” əsərində qeyd edir ki, bəzi xəstəliklərdən vəfat edən adamları 72 saat dəfn etmək lazım deyil. Çünki tibbi müdaxilə nəticəsində yaxud cismdə gedən təbii proseslər nəticəsində fərqli həyat təzahürləri oyana bilər. Buna dövrümüzdə kliniki ölüm deyirlər.

Hətta orta əsrlərdə Avropada vəfat edən adamların qəbirdə əlinə ip bağlayıb ipin bir ucunu da çöldə zınqırova bənd edirmişlər ki, əgər dirilsə, tərpənsə zəng çalınsın. Bir neçə nəfər də məzarın başında bir neçə gün gözləyirmiş. Bu, şübhəsiz ki, tibbin inkişaf etmədiyi zamanlara və xurafatın tüğyan etdiyi dövrə aiddir”.

İlahiyyatçı qeyd edib ki, tibbin tərəqqi etdiyi indiki zamanda da belə ölümlərə rast gəlmək olur.

“Şəxsən mən iki faktla qarşılaşmışam. Yaxın tanıdığım orta yaşlı kişidə ölüm əlamətləri baş vermişdi, həkim gəldi təzyiqi, temperaturu ölçmək istədi, hətta iynə vurmaq istədi alınmadı və bir neçə dəqiqə müayinə etdikdən sonra mələfəni kişinin üzünə örtüb dedi, Allah rəhmət eləsin, keçinib. Həkim getdi, arvadlar dərhal ağı deməyə başladılar. Mən uşaq idim, yas yerinə su lazım idi, bulaq da bir qədər aralıda yerləşirdi. Camaat çadır qurmaq işi ilə məşğul olduğundan biz də su gətirməyə getdik. Təxminən bir saatdan sonra qayıdıb gördük bayaq ölən kişi gileylənə-gileylənə çadırın dirəklərini sökür, həyətdə də heç kəs yoxdur. Məlum oldu ki, çadır quranları da yonca yerini xarab etdikləri üçün həyətdən qovub.

Sonra arvadların necə ağı dediklərini eşitdiyini, hətta hansının ürəkdən ağlayıb hansının süni ağladığını danışırdı rəhmətlik. Məlum oldu ki, hər şeyi eşidirmiş, ağlı, yaddaşı tam yerindəymiş. Lakin ürəyi dayanıb buza dönübmüş. Ondan sonra bir neçə il yaşadı…

İkinci şəxs də hazırda yaşayır Füzuli rayonunda. Qonağı da olmuşam. Bir neçə il əvvəl Respublika Klinik Xəstəxanasında ölüm diaqnozu qoyaraq meyit maşınında rayona yola salınıb. Kəndə girəndə kişi ayılıb qalxıb oturub “meyitin” yanında mürgüləyən oğlanlara yaman susadığını deyib… Qismətdən “meyit maşını” nı sürən və “ölünün” yanında gedən adamlarla bir yerə düşdük, bir gecə sabaha qədər ağsaqqalın “axirət səyahəti” haqda söhbət etdik. Nə isə, mövzumuz o olmadığı üçün o barədə şərh vermirəm. Amma hazırda yaşayır.

Bu minvalla mən inanıram ki, ölkədə öz əcəli ilə ölmüş sayılan adamların bəlkə də yarı hissəsi qəbirdə ayılır, bağrı yarılıb təzədən ölür. Dəfələrlə rayonlarda faktlar eşitmişik, qəbirdən səslər gəlib, yaxınlarının yuxusuna girib yalvaran ölülər olub ki, gəlin məni çıxarın. Hətta bir neçə il öncə ölkədə məşhur bir artistin də haqqında belə söhbətlər yayılmışdı ki, sonradan dirilib. Çünki bu gün bəzən adi bir xəstəliyin diaqnozunu düzgün qoya bilmirlər. Səkkiz həkim gəzəndən sonra məlum olur ki, filan şeydənmiş. O ki, qala kliniki ölüm ilə həqiqi ölümü ayırd edələr. Xəstəliyin təşxisində səhv edən həkim ölümün təşxisində də edə bilir və edir. Mən burada şahid olduğum faktı yazdım.

Ölünüzün tam öldüyünə əmin olmadan tələsik aparıb dəfn etməyin.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu