Tibb məntəqələri İmişlinin ağrılı yeridir – Razi Nurullayev
İmişlidə tibb məntəqələri ən ağrılı yerlərdən biridir. Bununla bağlı Azərbaycanda dövlətin səhiyyə siyasəti dəyişməlidir.
Bunu Milli Cəbhə Partiyasının başqanı, 82 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayev seçicilərlə görüş zamanı deyib.
Namizəd bu məsələni dəfələrlə Milli Məclisdə qaldırdığını bildirib:
“Səhiyyə siyasətinin dəyişməsi də çox çətin məsələdir. Mən bu məsələni bir neçə dəfə parlamentdə qaldırmışam. Məlumatım var İmişlinin hansı kəndlərində tibb məntəqələri, xəstəxanalar olub. Bu məsələni həm Milli Məclisdə Səhiyyə Komitəsinin sədri ilə, həm səhiyyə naziri ilə, həm TƏBİB-in sədri ilə Nazirlər Kabinetində üzbəüz oturub müzakirə etmək istəyirəm.
Yalnız İmişlidə deyil, bütün Azərbaycanda tibb məntəqələrinə ehtiyac var. Yaxşı binalarla, tibb personalı ilə təmin olunmalıdırlar. Bunlar yoxdur və insanlarımız əziyyət çəkir”.
MCP başqanı İmişlidə həkimə, tibb personalına ehtiyac olduğunu bildirib:
“Hazırda İmişlidə 80 nəfər həkimə, 190 nəfər tibb personalına ehtiyac var. Ona xəstəxanalarda Bakı yollarını xatırladan tıxaclar meydana gəlir. İnsanların canı inciyir, narazı qalırlar. Bir arayış almaq üçün iki-üç gün növbəyə dayanırlar”.