Milli Cəbhə Partiyasına “seçkiləri boykot edin” çağırışları olub – BAŞQAN
Milli Cəbhə Partiyasına “seçkiləri boykot edin” çağırışları olub. Amma, Milli Cəbhə Partiyası bu yanaşmanı yanlış hesab edir.
Bunu Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib. O, bildirib ki, siyasi partiya mövcudluğunu seçkilərdə iştirak etməklə təsbitləyir:
“Əks halda, bu xalq və üzvlərin qarşısında məsuliyyətdən qaçmaqdır. Siyasətçi isə hər zaman təmsil etdiyi partiyanın, təşkilatın məsuliyyəti ilə yaşayır. Seçkidə iştirak etməklə onun necə keçirildiyinə şahidlik etmək olar. Seçkilərdə namizəd olmaq üçün imza vərəqələrini götürüb imzatoplamqdan tutmuş, səsvermə gününə qədər olan proseslərdə iştirak etməklə seçkilərə qiymət vermək mümkündür.
Ona görə də AXCP-nin boykot qərarı analaşılmazdır. Bir neçə dəfə dalbadal seçkiləri boykot edib sonra seçki haqqında əvvəlcədən qərar açıqlamaq sadəcə məntiqsizdir”.
Deputat vurğulayıb ki, əgər seçkiləri kənardan izləyib qiymətləndirmək mümkündürsə, ATƏT və digər beynəlxalq qurumlar niyə seçkilərin ilk günündən müşahidə missiyası yaradır?:
“Seçkiləri boykot etmək zəiflik və çarəsizlik əlamətidir. İkincisi, seçkilərin boykot edilməsi seçkilər yolu ilə yox, anti-konstitusion yollarla hakimiyyətə gəlmək düşüncəsidir. Milli Cəbhə Partiyası isə sosial-demokratiya ideologiyasının daşıyıcısı kimi seçkilər yolu ilə dəyişikliyi məqbul görür və anti-konstitusion vasitələrin bütün təzahürlərini rədd edir”.