İCTİMAİ NƏQLİYYATDA TƏLƏBƏLƏRƏ 50% GÜZƏŞT OLSUN! – DEPUTAT
Tarif Şurasının yanacağın, metro avtobuslarda sərnişindaşıma qiymətini artırması birmənalı qarşılanmayıb.
Bu barədə narazılığını ifadə edənlər Azərbaycan hökumətini bəzi Avropa dövlətlərindən nümunə götürməyə çağırıb.
Gununsesi.info-nun araşdırması zamanı da bəlli olub ki, Lüksemburqda 2020-ci ildən ictimai nəqliyyat bütün ölkə üzrə pulsuzdur.
Çexiyada tələbələr, təqaüdçülər üçün də ciddi güzəştlər var. Həmin güzəştlər nəticəsində onlar real sərnişindaşıma qiymətlərindən üç dəfə ucuz ictimai nəqliyyatdan istifadə edir.
Fransaya gəlincə, bu ölkədə də ciddi sosial imtiyazlar mövcuddur.
Hətta Fransada yaşayan qaçqınlar ictimai nəqliyyata ay ərzində simvolik məbləğ ödəməklə pulsuz istifadə edir.
Azərbaycanda da həssas təbəqə var. İctimai nəqliyyatdan istifadə edən tələbələr, təqaüdçülər, Qarabağ əlilləri və veteranları üçün güzəştli imkanlar yaratmaq olarmı?
Milli Cəbhə Partiyasının başqanı, Milli Məclisin deputatı Razi Nurullayev Gununsesi.info-ya açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Türkiyədə belə ictimai nəqliyyatdan istifadə üçün müəyyən əhali kateqoriyaları, tələbələr və ahıllar üçün güzəştlər mövcuddur:
“İnkişaf etmiş Avropa ölkələrində, digər inkişafda olan ölkələrdə də tələbələr üçün təyyarə, qatar və ictimai nəqliyyat üçün güzəştli biletlər nəzərdə tutulub. Tələbələr bəzi ölkələrdə ictimai nəqliyyatdan ümumiyyətlə pulsuz istifadə edir. Bir çox ölkələrdə isə 50% güzəştlə, təyyarə və qatar biletləri əldə edilir. İctimai nəqliyyatda da belədir. Eyni zamanda ahıllar və yaşlı insanlarla da bağlı çoxlu sayda güzəşlər mövcuddur. O güzəşlərdən biri də ictimai nəqliyyatdan pulsuz və yaxud güzəştli istifadə etməkdir”.
Deputatın sözlərinə görə, eyni model Azərbaycan üçün də tərtib olunmalıdır:
“Təklif edirəm ki, Azərbaycanda da yaşlı insanlar, pensiya yaşına çatmış insanlar üçün ictimai nəqliyyatdan istifadə pulsuz olsun. Həmin xərclər nəqliyyat təşkilatlarına Azərbaycanın büdcəsi hesabına ödənilsin. Tələbələrə isə güzəştli gediş tətbiq edilsin. Güzəştin şəkildə 50%-ni ödəməklə qalan vəsait isə düvət büdcəsi tərəfindən maliyyələşdirilsin. Eyni zamanda təyyarə biletlərinə, qatar biletlərinə də tələbələr üçün güzəştlər nəzərdən tutulsun. Bu, bütün dünyada qəbul olunmuş və tətbiq edilən praktikadır. İstərdim ki, Azərbaycanda da bu praktika tətbiq edilsin”.
Deputatı Razi Nurullayev deyir ki, bu qaydalara həm yaşlı insanlarımızın, həm də tələbələrimizin çox ciddi şəkildə ehtiyacları var.