Xəbərlər

İlahiyyatçı ibadətin incəliklərindən danışdı – Möhürlə namaz qılmaq…

Şəkilə, ocağa, qəbrə, heykələ qarşı namaz qılmaq olmaz. Əgər ibadət niyyəti ilə edilsə küfrdür, bütpərəstlik, atəşpərəstlikdir. Yox əgər ibadət məqsədi ilə yox, qiblə o şeylər tərəfdə olsa da belə bidətdir, başqa yer seçmək lazımdır. Namaz üçün yer məhdudluğu ucbatından, əlacsızlıqdan bir neçə dəfə olsa eybi yoxdur.

Bunları Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan deyib.

“Namaz qılan önünə sütrə, nəsə bir əşya qoymalıdır ki, qarşısından bilmədən keçən mane olmasın” – deyə o, əlavə edib:

“Lakin ocağı, sobanı, qəbri, şəkili, heyvanı, heykəli, canlı hər hansı bir şeyi sütrə seçmək də uyğun deyil. Hamamda, ayaqyolunda, Kəbənin üstündə, məzarlıqda, yol üstündə, mal-heyvan arxacında, tövləsində də namaz qılmaq olmaz.

Namaz təmiz yerdə qılınır. Üstündə namaz qılınan əşya həsir, xalça, taxta döşəmə, dəmir, mərmər ola bilər. 7 vacib səcdə yerlərindən yalnız alına xüsusi olaraq daş parçası, möhür, torpaq qoymağa da ehtiyac yoxdur. Çox zaman möhür və daşlar kiçik olduğu üçün alın tam yerə dəymiş olmur, sadəcə bir hissəsi toxunur ki, bu da namaza xələl gətirə bilər. Alın – dəstəmaz alanda yuyulan hissədir, möhürün əhatə etdiyi kiçik hissə yox. Hətta bəziləri burunu da alından hesab ediblər.

Əgər torpağa və ya torpaqdan yaranan şeyə səcdədən söhbət gedirsə üstündə namaz qılınan taxta, xalça, palaz, kilim, həsir kimi şeylər də torpaqdan hasil olur. Yun da heyvandan alınır, heyvan da torpaqdan yaradılıb.

Çox zaman məscidlərdəki möhürlərin üstündə qalın kir olur. Bu çirk o qədər qalın olur ki, namaz qılanın alnının torpağa təmasını əngəlləyir. Möhürün vacib olmasına etiqad edib onunla namaz qılanlar yaxşı olar ki, təmiz və alını tamamilə əhatə edən möhürdə qılsınlar. Möhürün çox qalın və hündür olması da nöqsandır. Çünki səcdə əzalarının biri yuxarı, digərləri aşağı olmuş olur”.

İlahiyyatçı bildirib ki, təmiz torpaqdan hazırlanan möhürdə namaz qılmağın heç bir eybi yoxdur:

“Bidət də deyildir. Çünki torpağa səcdə etməyin fəzilətli olmasını, sünnət olmasını, Peyğəmbərin də belə etdiyini hamı qəbul edir. Əgər deyilsə ki, Peyğəmbər torpağa səcdə edib möhürə yox, onda deyilər ki, bəli, Peyğəmbər xalçaya da səcdə etməyib. O meyarla götürsək ki, möhür bidətdir, onda gərək xalçanın da bidət olmasını deyək. Odur ki, namaz möhürlə də məqbuldur, möhürsüz də. Hənəfi, Sələfi, Maliki, Hənbəli, Zeydi, İbadiyyə, Şafii, İsmaili fiqhinə görə xüsusi olraq torpağa, möhürə alnı qoymağa gərək yoxdur. Yalnız İmamiyyə-Cəfəri fiqhinə görə səcdə zamanı alın mütləq torpağa dəyməlidir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu