Zelenski Vaşinqtondan siyasi dəstək istəyəcək – Məhəmməd Əsədullazadə
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də ABŞ-yə səfər edəcək. Bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Birləşmiş Ştatlar lideri Co Bayden həmkarını Ağ Evdə qəbul edəcək.
Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında bildirib ki, Ukrayna Prezidenti V. Zelenskinin ABŞ-yə səfəri bir çox məsələləri həll etməyə hədəflənib. Analitik düşünür ki, Ukraynanın əks-hücumlarının istənilən nəticəni verməməsi, Kiyev rəhbərliyinin bunu Qərbin yetərli silah verməməsi ilə əlaqələndirməsi siyasi problemə gətirib çıxarıb:
“Həmçinin ABŞ-nin maliyyə və hərbi yardımı gecikdirməsi, Konqresin Ukraynaya vəsait ayırmaması Kiyevdə hərbi-siyasi sferada təlaş yaradıb. Nəticədə Rusiya cəbhə xəttində təşəbbüsü ələ ala bilib. Belə gərgin situasiyada Zelenskinin Vaşinqtona səfəri bir çox problemi həll etmək və maliyyə ayırmasına nail olmaqdır. Səfər çərçivəsində Zelenski Prezident Cozef Baydenlə və Konqresdə görüşlər keçirəcək. Səfərin əsas məqsədi Konqresdə Ukraynaya maliyyə yardımına səs verilməsinə nail olmaq və uzaqmənzilli raketlərin, F16 təyyarələrinin verilməsini tezləşdirməkdir”.
Ekspert vurğulayıb ki, bundan əlavə, Zelenski Ukraynada prezident seçkilərinin keçirilib-keçirilməməsi ilə əlaqədar danışıqlar aparacaq:
“Vaşinqtondan siyasi dəstək istəyəcək. Çünki daxildə siyasi intriqalar qızışır, ordu ilə siyasi hakimiyyət arasında fikir ayrılıqları dərinləşir. Ukrayna prezidentinin əsas hədəfi seçkilərə getməmək, martda Rusiyada keçiriləcək prezident seçkilərində rus ordusunu bir çox ərazilərdən çıxartmaq, Putinin daxili siyasi vəziyyətini gərginləşdirməkdir. Ümumən, Zelenskinin Vaşinqtona səfərinin müsbət nəticələnməsi gözlənilir. ABŞ Konqresi Ukraynaya nəzərdə tutulan maliyyə yardımını ayıra bilər”.