Deputat İmişlidə: Fermerlər fəryad edir

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev İmişli rayonuna növbəti səfəri çərçivəsində seçicilərlə görüşlər keçirib, kənd təsərrüfatı və sosial sahədə yaşanan dərin problemləri yerindəcə araşdırıb.
Sosdem.az xəbər verir ki, millət vəkili kəndləri gəzərək fermerlərlə, təsərrüfat sahibləri və sadə vətəndaşlarla birbaşa ünsiyyətdə olub.
Görüşlər zamanı əhalinin gündəlik qayğılarını dinləyən MCP başqanı problemlərin artıq sistemli xarakter aldığını vurğulayıb.
Təsərrüfatlarda olan deputat kənd təsərrüfatı sahəsindəki çətinliklərin istehsalçılar üçün ciddi narahatlıq doğurduğunu bildirib:
“Fermerlərlə görüşlərdə suvarma suyu çatışmazlığı, məhsulun satışında yaşanan əngəllər və artan xərclər ən ağrılı məsələlər kimi önə çıxdı. İnsanlar sadəcə eşidilmək yox, bu problemlərin konkret və real həllini görmək istəyirlər.”
Səfər çərçivəsində yas məclislərində də iştirak edən deputat vətəndaşların dolanışıq və işsizliklə bağlı qayğılarına şərik olub:
“Bu cür məclislərdə insanların sosial vəziyyəti, işsizlik və sosial təminatla bağlı narahatlıqları açıq şəkildə dilə gətirilirdi. Vətəndaşlarımız dövlətə inanır, lakin gözləntilərinin tam qarşılanmadığını da gizlətmirlər.”
Millət vəkili vurğulayıb ki, İmişlidəki vəziyyət epizodik addımlarla düzələn deyil və məsələlər aidiyyəti qurumlar qarşısında konkret şəkildə qaldırılmalıdır:
“Bu səfər bir daha göstərdi ki, problemlər az deyil və onlar planlı, nəticəyə yönəlmiş qərarlar tələb edir. Mən üzərimə düşən vəzifəni yerinə yetirərək bu məsələləri müvafiq instansiyalara və hökumətə çatdıracağam.”










