Sağalmaz xəstədən niyə hər dəfə sübut tələb olunur? – Deputat

Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev əlillik təyinatı sistemindəki ciddi qüsurları və vətəndaşların üzləşdiyi məşəqqətləri kəskin tənqid edərək, bu sahədə köklü islahatların vacibliyini bəyan edib.
Sosdem.az xəbər verir ki, millət vəkili xüsusilə ağır xəstəlikdən əziyyət çəkən qazi Rafiq Rəhimlinin timsalında sistemin yaratdığı bürokratik maneələri sosial şəbəkə hesabında paylaşaraq hökumətə mesajlar ünvanlayıb.
“Sistem Xəstəni Tapmalıdır, Xəstə Əlillik Dalınca Qaçmalı Deyil”
Deputat qeyd edib ki, sağlamlığını itirmiş, hətta maşına minib-düşmək imkanı olmayan vətəndaşlar hər dəfə sağalmadıqlarını sübut etmək üçün ağır yollardan keçməyə məcbur edilir.
“Birinci Qrup Vəziyyətindədir, Amma Üçüncü Qrup Verilir”
MCP başqanı Rafiq Rəhimlinin acınacaqlı vəziyyətini misal çəkərək, əlillik dərəcələrinin real vəziyyətə uyğun təyin edilmədiyini bildirib:
“Rafiq Rəhimli sağlamlığını qurban verib. Adam ayaq üstə dayana bilmir və ümid də yoxdur. Hazırda birinci qrup vəziyyətindədir, amma ona üçüncü qrup verilib. Üstəlik, bunu da dayandırırlar və o, yenidən həmin məşəqqətli yolu keçməli olur. Bu, insanlığa sığmayan bir prosedurdur.”
Köklü İslahatlar Üçün 8 Maddəlik Təklif
Millət vəkili əlilliyin təyin olunması prosesinin tamamilə dəyişməli olduğunu vurğulayaraq, bu sahədə apardığı araşdırmalar nəticəsində hazırladığı 8 sualdan ibarət təkliflər paketini irəli sürəcəyini bəyan edib:
“Əlilliyin təyin olunmasında ciddi problemlər var. Proses bütövlükdə dəyişməlidir. Xəstə əlillik dalınca qaçmalı deyil, sistem onu axtarıb tapmalıdır. Məsələni Milli Məclis səviyyəsində yenidən qaldıracam və var gücümlə üzərində dayanacam.”