Geosiyasətdə ədalət nisbi, milli maraqlar mütləqdir… – Analitik

“Geosiyasətdə ədalət anlayışı nisbi, milli maraqlar isə mütləqdir. Azərbaycan üçün əsas meyar ‘kim haqlıdır’ sualı deyil, dövlətin təhlükəsizliyinə kimin təhdid yaratdığıdır”…
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Milli dövlətçilik maraqları beynəlxalq hüquqdan üstündür
Analitik vurğulayıb ki, beynəlxalq proseslərə qiymət verərkən ilk növbədə müstəqil Azərbaycan Respublikasının rəsmi mövqeyi əsas götürülməlidir:
“Təəssüf ki, siyasətdə dəyərləndirmə təkcə beynəlxalq hüquq, kimin ədalətli olmasına görə müəyyənləşmir. Ən başlıcası, Azərbaycanın milli təhlükəsizliyi kontekstində dövlətimizi qorumaq prinsipləri bütün normalardan üstün tutulmalıdır. Əgər Azərbaycan vətəndaşı həqiqətən vətəninə bağlıdırsa, qiymətləndirmədə yalnız dini və ya mədəni bağlılıq deyil, dövlətimizə mümkün zərər verə biləcək amillər nəzərə alınmalıdır. Siyasətdə bəzi hallarda susmağın özü də qazancdır”.
Rusiya və İran: Tarixi və ideoloji təhdid
Politoloqun fikrincə, Azərbaycan dövlətçiliyinin tarixi yaddaşında və bugünkü reallığında iki əsas təhlükə mənbəyi mövcuddur:
“Mübahisəsiz, Azərbaycan dövlətçiliyinin iki əsas məlum düşməni məhz Rusiya və İrandır. Qısa desək, bu iki dövlət torpaqlarımızı aralarında bölüşdürən, kimliyimizi unutdurmağa çalışan, ruslaşdırma və farslaşdırma siyasəti yeridən siyasi quruluşlardır. Ermənistanın Azərbaycan torpaqlarının 30 illik işğalının təşkilatçıları və qoruyucuları da məhz bu iki dövlət idi. Mümkün təhlükə anlayışını isti qonşuluq münasibətləri və ya dini eynilik cilovlaya bilməz”.

Etnik kimlik və İranın teokratik rejimi
MCP rəsmisi vurğulayıb ki, Azərbaycan xalqı üçün dəyişməz qalan əsas amil dini inanc deyil, etnik türk kimliyidir:
“Biz bir etnos olaraq – türk etnosu kimi tarix boyu mövcud olmuşuq. İnancımızı dəfələrlə dəyişsək də, dəyişməz qalan etnik kimliyimiz olub. İran məsələsinə gəldikdə isə, paradoksal olsa da, bu gün İrandakı teokratik rejimin əsas dayaqları məhz azərbaycanlılardır. Azərbaycanlılar İranda islamı mənəvi birlik kimi gördüyü halda, farslar ondan siyasi hakimiyyət vasitəsi kimi istifadə edir. Gedən geosiyasi proseslərə milli maraqlar kontekstindən yanaşırıqsa, Azərbaycan dövlətinin rəsmi mövqeyi bizim üçün əsas şərt olmalıdır”.