Xəbərlər

Əlillik Təyinatında Böhran: Deputat Bürokratik Maneələri Tənqid Edi

  • “Dövlətin sosial siyasətinin əsas məqsədi ən çox ehtiyacı olanları qorumaqdır…”

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Milli Məclisdəki çıxışı zamanı əlillik təyinatı ilə bağlı yaşanan ciddi çatışmazlıqları və vətəndaşların bu sahədə qarşılaşdığı bürokratik maneələri tənqid edib.

Bürokratik Əngəllər Və Aylarla Davam Edən Gözlənti

Millət vəkili qeyd edib ki, elektron sistemin tətbiqinə baxmayaraq, praktikada vətəndaşlar aylarla sənəd toplayır və qərar gözləyirlər:

“Tibbi sənədlərin toplanması, müxtəlif instansiyalara müraciətlər və elektron sistemdə qərarın verilməsini gözləmək aylarla çəkir. Bu proses onsuz da fiziki və psixoloji çətinlik çəkən insanlar üçün əlavə yükdür. Hesab edirəm ki, əlillik məsələsinə texniki prosedur kimi yox, sosial ədalət və insan ləyaqəti məsələsi kimi yanaşmalıyıq.”

Müharibə Veteranlarının Haqlı Narazılığı

MCP başqanı çıxışında sağlamlığını vətən uğrunda itirmiş insanların üzləşdiyi laqeydliyə xüsusi toxunub:

“Xüsusilə müharibə veteranları əlillik dərəcəsinin təyinində ciddi çətinliklərlə üzləşirlər. Sağlamlığını itirmiş bu insanlar uzun müddət qərar gözləməməlidirlər. Bu sahədə mövcud olan narazılıqlar tək-tək hallar deyil, daha geniş bir problemin göstəricisidir.”

Deputat həlli üçün TƏKLİFLƏR irəli sürüb:

  • Prosedurların sadələşdirilməsi: Əlillik təyinatı mexanizmi daha vətəndaş yönümlü olmalı, insanları yorucu sənədləşmə işləri ilə üz-üzə qoymamalıdır.
  • Sürətləndirilmiş mexanizm: Müharibə veteranları və ağır xəstələr üçün xüsusi “yaşıl dəhliz” yaradılmalı, onların müraciətləri növbədənkənar həll olunmalıdır.
  • Şəffaf apellyasiya: Verilən qərarla razılaşmayan vətəndaşlar üçün daha operativ və şəffaf şikayət mexanizmi təmin edilməlidir.

Millət vəkili çıxışının sonunda bildirib ki, dövlətin sosial siyasətinin əsas məqsədi ən çox ehtiyacı olanları qorumaqdır:

“Bu sahədəki çətinlikləri aradan qaldırmaqla həm vətəndaş məmnuniyyətini, həm də dövlət sisteminə olan etimadı bərpa etmiş olarıq.”

Bir cavab yazın

Back to top button