Trampın panikası, İranın psixoloji qələbəsi… – ŞƏRH

“ABŞ və Qərb İrana qarşı “məhdudlaşdırma” strategiyasından imtina edib, “Divide and Rule” – yəni “parçala və hökm sür” anlayışını tətbiq edə bilər. Bu da İranın özünü məhv etməsi deməkdir”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Qərbin İranla bağlı strateji dəyişikliyi
Analitik ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin hədəflərini, Vaşinqtonun dəyişən regional taktikasını, “Balkanization” təhlükəsini təhlil edərək vurğulayıb ki, indiyə kimi ABŞ İsrailin İrana hücumlarına İranın bütövlüyü qorunmaq şərti ilə dəstək verib:
“Qərb İranın parçalanmasını beynəlxalq təhlükəsizliyə təhdid hesab edir. Səbəb də yeni dövlətlər, qarşıdurmalar, silahlı qruplaşmaların yaradılması regionu nəzarətdən çıxara bilər. Qərbin əsas marağı isə Türkiyə və türk faktorudur ki, İran tarazlayıcı-əks mərkəz rolu oynasın. Lakin 28 fevraldan ABŞ və İsrailin İrana qarşı başladığı müharibə birmənalı olaraq ABŞ və Qərb dövlətlərinin İranla bağlı yeni taktiki-strateji dəyişiklik ehtiyacını yaratdı. ABŞ İrana qarşı ‘məhdudlaşdırma’ strategiyasından imtina edib, “Divide and Rule” – yəni çox tanınan ‘parçala və hökm sür’ anlayışını tətbiq edə bilər”.
Trampın zədələnmiş imici və psixoloji liderlik
Politoloqun fikrincə, müharibənin gedişatı həm ABŞ-ın qlobal güc statusuna, həm də prezident Trampın şəxsi nüfuzuna ciddi təsir göstərib:
“Müharibənin nəticəsindən asılı olmayaraq, hələlik ABŞ və İsrailin İran üzərində hərbi, İranın isə ABŞ və İsrail üzərində danılmaz ideoloji və psixoloji qələbəsi ilkin nəticədir. İran region dövlətləri üzərində psixoloji liderlik ilə yanaşı, hərbi qələbə də qazanmış görünür. Bu müharibə prezident Trampın şəxsi nüfuzunu da ciddi zədələdi; artıq onun açıqlamaları siyasi bəyanatdan çox panik reaksiyanı xatırladır. Tehranın ABŞ-dan regiondakı hərbi bazalarını çıxarmağı şərt kimi tələbi Vaşinqton üçün ən aşağılayıcı siyasi və hərbi biabırçılıqdır”.

“Balkanization” və Hörmüz boğazı hədəfi
MCP rəsmisi İranın daxili etnik strukturu və strateji su yolları üzərindən aparılan parçalanma planının detallarına toxunub:
“Nəticə etibarı ilə, çoxlu etnik ərazilərdən, xüsusən Cənubi Azərbaycan və Kürdüstandan ibarət İrana “Balkanization” – yəni bir neçə kiçik, zəif və bir-biri ilə münaqişəli dövlətlərə bölünmə ssenarisi tətbiq oluna bilər. İranın Hörmüz boğazından güclü hərbi, iqtisadi təzyiq vasitəsi kimi istifadə etməsi körfəz ölkələrinin neft ixracına ciddi maneə yaradır. Boğaz ətrafında məhz ərəb mənşəli Hörmüzqan əyaləti yerləşir. Bu baxımdan ilk növbədə Hörmüzqanın müstəqilliyi ilə boğazın İranın nəzarətindən çıxarılması artıq geosiyasi-strateji hədəf kimi qarşıya qoyula bilər”.