Tehranın Atəşkəs Şərtləri: Nüvə İcazəsi – ŞƏRH

İran atəşkəs üçün vasitəçilik etmək istəyən ölkələrin irəli sürdüyü bütün təklifləri qəbul etməyib. Tehran diplomatik danışıqlara qayıtmaq üçün, İrana qarşı hücumların olmayacağına zəmanət, mümkün zərərlərə görə təzminat və ölkənin nüvə obyektlərində tam nüvə yanacaq dövriyyəsinə icazə verilməsi şərtləri qoyub.
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə Bizimyol.infoya açıqlamasında, “İran tərəfi tam əmin olmaq istəyir ki, Amerika Birləşmiş Ştatları və İsrail İrana qarşı bundan sonra hər hansı hərbi əməliyyatlar keçirməyəcək”, deyə bildirib.
Ekspertə görə ran bundan tam əmin olmağa çalışır:
“Amma ABŞ-nin da öz tələbləri var və bu tələblər hələ masadadır. Amma hərbi əməliyyatlar başlayanda Amerika Birləşmiş Ştatları İranda rejimi dəyişməyi planlaşdırırdı. 2 həftəyə yaxındır ki, müharibə davam edir. Qarşılıqlı zərbələr davam etməkdədir. İran bu tələbləri irəli sürür ki, çünki hələ ki, rejim dayanıqlığını qoruyur və müqavimət göstərir. ABŞ da bundan razı deyil. Hələ bir növ şərtlərlə Amerikanın qabağına çıxır. Amerika bunu gözləmirdi”-deyən Məhəmməd Əsədullazadə hesab edir ki, Amerika Birləşmiş Ştatları ayın axırına kimi müharibəni davam etdirə bilər.

Siyasi şərhçinin fikrincə, bu müharibə birbaşa Amerikanın daxili siyasi vəziyyətində də zəlzələ effekti yaradır, Demokratlar da bundan istifadə edərək Trampa qarşı çıxış edirlər:
“İsraildə də vəziyyət gərgindir. İran ballistik raketlər atır, Təl-Əviv və digər şəhərlər dağıntıya məruz qalır. Bir çox strateji obyektlər dağıdılır. Göründüyü kimi, hazırda qalibiyyət yoxdur. Tərəflər öz şərtlərini irəli sürür. Amerika Birləşmiş Ştatları çalışır ki, ayın axırına kimi SEPAH-ı tam gücdən salsın, islahatçıların mövqeyi güclənsin və bundan sonra danışıqlar başlasın. Məsələ bundan ibarətdir. Rusiya da müəyyən vasitəçilik missiyasını yerinə yetirir. Əgər indi tərəflər heç-heçə qalsa, düşünürəm ki, İranın mövqeyi daha da güclənə bilər”.