Xəbərlər

Azərbaycanın özünü müdafiə təcrübəsi qlobal nümunədir… – Deputat

“Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı yalnız Azərbaycanın uğurlarını deyil, həm də beynəlxalq hüququn işləmədiyi bir dünyada dövlətlərin necə ayaqda qalmalı olduğunu göstərən bir yol xəritəsidir”.

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Sosdem.az-a bildirib ki, müasir dünyada təhlükəsizlik və müdafiə məsələlərinin bir nömrəli prioritetə çevrilməsi artıq subyektiv seçim deyil, dövlətlərin suverenliyini qorumaq üçün yeganə çıxış yoludur.

Millət vəkili vurğulayıb ki, beynəlxalq aktorların selektiv yanaşması və BMT qətnamələrinin kağız üzərində qalması dövlətləri özünü müdafiə hüququndan istifadə etməyə vadar edir:

“Azərbaycanın 30 illik işğala öz gücü ilə son qoyması beynəlxalq hüququn (BMT Nizamnaməsinin 51-ci maddəsi) praktiki tətbiqidir. Kənar müdaxilələr və “dondurulmuş münaqişə” mexanizmlərindən imtina edərək birbaşa ikitərəfli dialoqa üstünlük verilməsi dövlət maraqlarının ən effektiv qorunma üsuludur”.

MCP başqanı qeyd edib ki, enerji və nəqliyyat marşrutları dövlətin qlobal çəkisini müəyyən edən əsas amillərdir:

“Azərbaycanın boru kəməri ilə qaz ixracında coğrafi əhatəyə görə dünya liderinə çevrilməsi və 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verməsi iqtisadi diplomatiyamızın uğurudur. Bu, ölkəmizi qlobal tədarük zəncirində əvəzolunmaz tərəfdaş edir.”

Ermənistan vasitəsilə Naxçıvana uzanacaq yeni nəqliyyat, enerji və optik xətlərin çəkilməsini deputat dövlətçilik baxımından belə qiymətləndirib:

“Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın davamlı infrastrukturla birləşməsi həm milli bütövlüyümüzün möhkəmlənməsi, həm də regionun tranzit potensialının maksimallaşdırılmasıdır. Bu, bölgədə düşmənçilikdən iqtisadi tərəfdaşlığa keçidin ən real mexanizmidir.”

Bir cavab yazın

Back to top button