Xəbərlər

Aİ ilə tərəfdaşlıq Azərbaycanın iqtisadi suverenliyini gücləndirir… – Deputat

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı verdiyi bəyanat barədə danışıb.

Sosdem.az-a açıqlamasında millət vəkili vurğulayıb ki, dövlət başçısının səsləndirdiyi iqtisadi və siyasi göstəricilər Azərbaycanın beynəlxalq müstəvidəki praqmatik xarici siyasət kursunun və milli maraqlara əsaslanan balanslı strategiyasının parlaq nümunəsidir.

MCP başqanı qeyd edib ki, Azərbaycan artıq sadəcə resurs ixracatçısı deyil, həm də beynəlxalq layihələrin əsas payçısı və idarəçisidir:

“Ticarət dövriyyəsinin 50%-i: Aİ-nin Azərbaycanın bir nömrəli ticari tərəfdaşı olması iqtisadiyyatımızın qlobal bazarlara inteqrasiyasının ən bariz göstəricisidir. 10 Aİ üzvünün Azərbaycan qazını alması və yaxın 2-3 ildə hasilatın minimum 10 milyard kubmetr artırılması hədəfi ölkəmizin regiondakı geostrateji çəkisini və Avropanın enerji təhlükəsizliyindəki rolunu əvəzolunmaz edir”.

Deputat xüsusilə Ermənistanla münasibətlərdəki yeni mərhələyə toxunub:

“Prezidentin bəyanatında göstərildiyi kimi, sülhün kağız üzərində qalmaması üçün real addımlar atılır. Ermənistana neft məhsullarının tədarükü və tranzit məhdudiyyətlərinin aradan qaldırılması Azərbaycanın ‘güclü tərəf’ olaraq nümayiş etdirdiyi siyasi iradədir. Bu, revanşizmə deyil, regional inkişafa, daimi sülhə və xalqların barışığına xidmət edən dövlətçilik yanaşmasıdır.”

Razi Nurullayev vurğulayıb ki, 6-8 giqavatlıq bərpaolunan enerji hədəfi Azərbaycanın gələcək iqtisadiyyatını neft-qaz asılılığından uzaqlaşdıracaq:

“Xəzər dənizinin dibi ilə çəkilən kabellər və ‘Orta Dəhliz’ layihəsi Azərbaycanı Avrasiyanın ən mühüm logistik qovşağına çevirir. Bu, dövlətimizin onilliklər boyu dayanıqlı inkişafını təmin edəcək bir strategiyadır.”

Bir cavab yazın

Back to top button