Trampın “Venesuela ssenarisi” SEPAH səddinə çırpıldı… – Politoloq

“Ali dini lider Əli Xameneinin öldürülməsi rejimin süqutuna hesablanmışdı, lakin ABŞ və İsrail ilkin məqsədlərinə çatmadı. Netanyahu xalqı üsyana çağırmaqla əslində öz acizliklərini etiraf etdi”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. Ekspert qeyd edib ki, hazırkı hərbi əməliyyatlar rejimi devirməkdən çox, yalnız İranın hərbi infrastrukturunu sıradan çıxarmağa xidmət edir.
Venesuela ssenarisi niyə baş tutmur?
Politoloq Donald Trampın İranla bağlı planlarının SEPAH baryerinə çırpıldığını vurğulayıb:
“Tramp sistem daxilində yeni bir lider çıxararaq ‘Venesuela ssenarisi’ni tətbiq etmək istəyir. Lakin SEPAH-ın müqaviməti və Müctəba Xameneini dini lider seçməsi bu planın qarşısını aldı. Nə qədər ki, SEPAH bir güc strukturu kimi mövcuddur, Trampın bu ssenarisi reallaşmayacaq. Bu səbəbdən Ağ Ev rəhbəri mütləq hakimiyyət üçün deyil, mövcud prezident Məsud Pezeşkian və onun hökuməti ilə işləməyə daha meyilli görünür.”
Qələbə illüziyası: İnfrastrukturun məhvi kifayətdirmi?
MCP rəsmisinin fikrincə, ABŞ-nin “qələbə” elanı yalnız texniki xarakter daşıyacaq:
“ABŞ-nin əsas hədəfi indi İranın hərbi və mülki infrastrukturunu tamamilə sıradan çıxarmaqdır. Bunu etdikdən sonra özünü qalib elan edəcək. Amma bu, rejimin dəyişməsi demək deyil. Netanyahu xalqın ayağa qalxmasını gözləyir, çünki xarici müdaxilə ilə teokratik sistemi devirə bilməyəcəklərini anlayırlar.”
