Deputatdan sarsıdıcı paylaşım – Bir ailənin faciəsi

“Bir ailə faciəsinin içindəyik: xərçənglə mübarizə aparan ata, sarsıntıdan ölən ana və yatağa məhkum olan qız…”
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev İmişli rayonunun Xoşçobanlı kəndində bir yas məclisində aldığı məlumat əsasında gedib paytaxtın Qaradağ rayonunda ziyarət etdiyi bir ailənin dəhşətli faciəsi barədə “Facebook” hesabında paylaşım edib.
Millət vəkili Məmmədovlar ailəsinin başına gələn silsilə faciələri diqqətə çatdırıb.
Sarsıntıdan gələn ölüm və yarımçıq qalan ümidlər
MCP başqanl bildirib ki, ailənin başçısı Qəşəm Məmmədov uzun müddət xərçənglə mübarizə aparıb və vəziyyəti yaxşılaşmağa doğru gedib. Lakin həmin günlərdə ailə qızlarının Qaradağda avtomobil tərəfindən vurulduğu xəbərini alır.
Bu sarsıntıya dözməyən ana Ağbəniz Zeynalova güclü stressdən sarılıq keçirir və bir neçə gün sonra dünyasını dəyişir. Qızı Ağbəniz xanım isə ağır vəziyyətdə dörd dəfə əməliyyat olunsa da, hələ də ayağa qalxa bilmir.

“Stansiya Qaradağ”da ağır yaşam şəraiti
Deputat ailəni yaşadıqları “Stansiya Qaradağ” ərazisində ziyarət edərək infrastrukturun dözülməz olduğunu qeyd edib:
“Orada şərait çox ağırdır. Yol demək olar ki, yoxdur, ciddi infrastruktur mövcud deyil. Ailənin bütün yükü müharibə veteranı olan oğulları Rəşadın çiyinlərinə düşüb. O, icarəyə götürdüyü taksi ilə ailəni dolandırmağa çalışır, hər gün o bərbad yolları qət edərək Bakıya işləməyə gedir.”
Sosial yardım və məşğulluq problemi
Millət vəkili ailənin ünvanlı sosial yardım ala bilməməsindən və rəsmi qurumların laqeydliyindən narazılığını ifadə edib:
“Ünvanlı sosial yardım üçün rəsmi iş yeri tələb olunur. Amma bu vəziyyətdə olan birinə kim iş verəcək? Məşğulluq Xidməti? Təəssüf ki, bu barədə danışmağa belə dəymir. Biz əlimizdən gələn köməyi edəcəyik, müvafiq dövlət qurumları ilə danışacağam.”
Razi Nurullayev ailənin çətin vəziyyəti ilə bağlı çəkdiyi videonu da ictimaiyyətlə paylaşacağını bildirib.
