İran ABŞ-nin “ildırımsürətli” hesabını pozdu – ŞƏRH

“ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hücumu hələ ki gözlənilən siyasi nəticəni verməyib. Çünki Tehran bütün ssenarilərə, o cümlədən Ali liderin və yüksək rütbəli rəsmilərin məhvinə qarşı hazırlıqlıdır. Hazırda tərəflər arasında həm hərbi, həm də psixoloji dayanıqlıq savaşı gedir”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
“Vyetnam” bataqlığı, yoxsa qısamüddətli əməliyyat?
Ekspert qeyd edib ki, ABŞ-nin uzunmüddətli hazırlığı İranın müqavimət gücündən ehtiyat etməsindən irəli gəlirdi:
“İran ideoloji və psixoloji cəhətdən ABŞ-yə “‘Vyetnam”, “Əfqanıstan” və ya “Ukrayna” bataqlığı yarada bilər. Lakin ABŞ və İsrail bu variantı istisna etmək üçün bütün imkanlarını səfərbər edib. Məqsəd rejimin ən yüksək 49 vəzifəli şəxsini, o cümlədən Əli Xameneini zərərsizləşdirməklə dövləti “başsız” qoymaq və xalqı ayağa qaldırmaq idi. Lakin hakimiyyətin dərhal çökəcəyi ilə bağlı hesablamalar özünü doğrultmadı.”
Türkiyə amili və İranın strateji səhvi
Siyasi şərhçinin fikrincə, İran vəziyyətdən çıxış yolunu Türkiyə ilə münasibətləri gərginləşdirməklə bağlayıb:
“Hücumdan öncə Türkiyənin təşəbbüsü ilə çıxış yolu mümkün idi. Lakin İranın Türkiyəyə və Türk dünyasına olan ideoloji düşmənçiliyi buna imkan vermədi. Hətta İranın Türkiyəni müharibəyə cəlb etmək üçün təxribat xarakterli raket zərbələri endirdiyi də iddia olunur. Bu, İranın müqavimət üsulunun artıq effektivliyini itirdiyini göstərir.”

Kürd cəbhəsi və “Böyük İsrail” planı
MCP rəsmisi daxildən gələn yeni təhlükəyə və regionun gələcəyinə diqqət çəkib:
“CNN-nin məlumatına görə, kürdlər İrana qarşı müharibəyə hazırlanır. Bu, daxildən açılan ikinci cəbhə və daimi gərginlik ocağı kimi istifadə olunacaq. Digər tərəfdən, İranın ərəb ölkələrinə cavab hücumları regionda ABŞ və İsraildən asılılığı dərinləşdirir. Bu isə ‘Böyük İsrail’ planlarının icrası üçün münbit şərait yaradır. Müharibənin sonu İran üçün müsbət bitə bilməz, çünki ABŞ-nin nüfuzunun zədələnməsi Çin və Rusiyanın mövqelərinin güclənməsinə səbəb olar. Bu səbəbdən Vaşinqton İranda loyal hakimiyyət dəyişikliyini minimum hədəf seçib.”