Xəbərlər

Azərbaycan vətəndaşı ilk növbədə öz dövlətinin marağını düşünməlidir – Deputat

“İran regionun əsas ölkələrindən biridir və orada baş verən hərbi qarşıdurma sırf iki və ya üç dövlət arasındakı məsələ deyil. Bu, Yaxın Şərqdən başlayaraq, Cənubi Qafqaza, Xəzər hövzəsinə qədər uzanan geniş coğrafiyanı təsirləndirə bilər”.

Sosdem.az xəbər verir ki, bunu Musavat.com-a müsahibəsində Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.

Millət vəkili bildirib ki, münaqişənin uzanması regionun bütün iqtisadi və sosial mənzərəsini dəyişə bilər:

“Ən böyük risk münaqişənin uzanması və qeyri-müəyyənliyin dərinləşməsidir. Enerji marşrutları, logistika xətləri, ticarət əlaqələri, hətta miqrasiya axınları belə dəyişə bilər. Digər tərəfdən, daxili sabitliyin pozulması ehtimalı region ölkələri üçün əlavə humanitar və təhlükəsizlik çağırışları yaradır. İstərdim ki, proseslər nəzarətdən çıxmasın və diplomatik həll imkanları qorunsun.”

MCP başqanı vurğulayıb ki, Azərbaycan dövlətinin mövqeyi balanslıdır və vətəndaşlar da bu məsələdə milli maraqlardan çıxış etməlidirlər:

“Azərbaycanlı hər şeydən əvvəl öz dövlətinə bağlı olmalı, milli maraqları əsas götürməlidir. Biz dünyəvi və müstəqil dövlətik və xarici ölkələrdə baş verən hadisələri qiymətləndirərkən ilk növbədə Azərbaycanın maraqları prizmasından çıxış etməliyik. Xarici proseslərin daxildə süni bölünmə yaratmasına imkan vermək olmaz. Cəmiyyət daxilində parçalanma və qarşıdurma yaranmamalıdır.”

Deputatın sözlərinə görə, emosional yanaşmalardan qaçmaq və dövlətin rəsmi xəttinə hörmətlə yanaşmaq şərtdir:

“Hər bir vətəndaş bilməlidir ki, dövlətin rəsmi mövqeyi artıq açıqlanıb və beynəlxalq münasibətlər məhz həmin çərçivədə qurulur. Cəmiyyət olaraq birliyimizi qorumalı və ölkə daxilində süni gərginlik yaradacaq davranışlardan uzaq durmalıyıq.”

Bir cavab yazın

Back to top button