Vətəndaşın hüququ Bakı yolunda itir… – Deputat

Ombudsman tövsiyə verən yox, tələb edən qurum olmalıdır…
Sosdem.az xəbər verir ki, bunu parlamentə çıxışı zamanı Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili Ombudsman institutunun fəaliyyətini müsbət qiymətləndirməklə yanaşı, qurumun real təsir gücünün artırılması üçün qanunvericilik bazasının gücləndirilməsini tələb edib:
“Ombudsman Bakıda mərkəzləşmiş qurum yox, ölkə üzrə şəbəkələnmiş hüquq sistemi olmalıdır. Vətəndaşın hüququ çox vaxt məsafədə itir – regiondan mərkəzə gedən uzun yolda, prosedurların içində. Ombudsman həmin məsafəni qısaltmalıdır. Bunun üçün institutun həm səlahiyyəti, həm də fiziki mövcudluğu artmalıdır. Tövsiyə mexanizmi artıq yetərli deyil, icrası məcburi olan qərarlar dövrünə keçilməlidir”.
MCP başqanı öz çıxışında Ombudsmanın regional strukturunun genişləndirilməsini təklif edib:
“Mən hesab edirəm ki, Ombudsman institutunun ştatları və regional strukturları genişləndirilməlidir. Hər bir regionda və böyük rayonlarda ayrıca, tam səlahiyyətli Ombudsman idarələri yaradılmalıdır. Vətəndaş paytaxta gəlmədən öz rayonunda hüquqi müdafiə mexanizmini hiss etməlidir. Ombudsman Bakıda mərkəzləşmiş qurum kimi yox, ölkə üzrə şəbəkələnmiş hüquq sistemi kimi fəaliyyət göstərməlidir.”
Səlahiyyət məsələsinə toxunan deputat xəbərdarlıq edib ki, hüququ qoruyan qurumun özü zəif olmamalıdır:
“Bu gün Ombudsmanın tövsiyələri var, rəyləri var. Amma bir çox hallarda tövsiyə icra olunmadıqda mexanizm zəif qalır. Mən hesab edirəm ki, qanunvericilik səviyyəsində Ombudsmana daha güclü tələb və qərarvermə səlahiyyətləri verilməlidir. Ən azı müəyyən kateqoriyalı işlər üzrə icrası məcburi olan qərar mexanizmi formalaşdırılmalıdır. Əgər dövlət qurumu Ombudsmanın qanuni tələbini yerinə yetirmirsə, bunun hüquqi nəticəsi olmalıdır.”

Deputat həmçinin SOCAR-ın fəaliyyətini tənqid edərək konkret faktı diqqətə çatdırıb:
“SOCAR-ın fəaliyyətində ciddi qüsurlar görürəm. Gəncədə Azəriqaz-da 49 il işləyən və təqaüdə çıxmasına 1 il qalmış Elman Məmmədovun işdən azad olunub peşəkarlıq səviyyəsinin yoxlanması üçün imtaha cəlb edilməsinə hüquqi qiymət verilsin. İstərdim ki, SOCAR rəhbərini Parlamentə dəvət edərək, ona suallarımızı ünvanlayaq.”
Sonda millət vəkili vurğulayıb ki, Ombudsman tövsiyə edən qurumdan tələb edən quruma çevrilməlidir, çünki vətəndaşın hüququ tövsiyə ilə deyil, təminatla qorunur.