Xəbərlər

Milli Cəbhə Partiyasının Xocalı Soyqırımı ilə bağlı BƏYANATI

Xocalı faciəsi Azərbaycan xalqının yaddaşına həkk olunmuş ən ağır insanlıq cinayətlərindən biridir. 1992-ci ilin fevralında Xocalıda dinc əhaliyə qarşı törədilmiş bu vəhşilik nə müharibə reallıqları ilə izah oluna bilər, nə də tarixdən silinə bilər. Qadınların, uşaqların, qocaların qətlə yetirilməsi müharibənin deyil, insanlığa qarşı cinayətin göstəricisidir.

Bu gün Azərbaycan müharibəni bitirmiş, ərazi bütövlüyünü bərpa etmiş və regionda yeni bir mərhələyə qədəm qoymuş dövlətdir. Yeni mərhələnin adı sülhdür. Ancaq sülh ədalətsiz yaddaş üzərində qurula bilməz. Xocalını unutmaq olmaz, unutdurmaq isə daha böyük ədalətsizlikdir. Bu faciəni xatırlamaq revanşizm deyil – gələcək üçün məsuliyyətdir.

Milli Cəbhə Partiyasının başqanı Razi Nurullayevin sözləri ilə desək:

“Xocalını xatırlamaq düşmənçilik yaratmaq üçün yox, insanlıq dərsi vermək üçündür. Biz bu ağrını yaddaşda saxlamalıyıq ki, gələcəkdə nə Azərbaycan xalqı, nə də başqa xalqlar belə faciələrlə üz-üzə qalmasın.”

Biz hesab edirik ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi beynəlxalq müstəvidə davam etməlidir. Eyni zamanda, regionda davamlı sülhün bərqərar olması üçün qarşılıqlı nifrəti körükləyən ritorikadan yox, həqiqətə söykənən, ədaləti əsas götürən yanaşmadan çıxış etmək lazımdır. Həqiqətin tanınması barışa mane olmur, əksinə, barışın yeganə sağlam təməlidir.

Milli Cəbhə Partiyası olaraq mövqeyimiz aydındır:
Xocalı unudulmayacaq. Amma yaddaşımız intiqam üçün yox, bir daha belə faciələrin yaşanmaması üçündür. Müharibə bitib, amma insanlıq dərsləri bitməməlidir.

Bir cavab yazın

Back to top button