London nüvə kartı ilə Putini və Trampı sıxır… – ŞƏRH

“Böyük Britaniya təzyiq diplomatiyası vasitəsilə həm Putini, həm də Trampı planlarını dəyişməyə məcbur edə bilər. Nüvə silahı mövzusunun gündəmə gəlməsi konkret silah verilməsindən çox, maksimalist iddiaları yumşaltmaq hədəfi daşıyan siyasi rıçaqdır.”
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) yaydığı “Ukraynaya nüvə silahı verilməsi” iddialarını və bu informasiya dalğasının pərdəarxası məqamlarını təhlil edib.
Politoloq bu xəbərlərin həm informasiya müharibəsinin elementi, həm də strateji bir gediş ola biləcəyini vurğulayıb:
“Ukraynanın müstəqil şəkildə nüvə silahı əldə etməsi həm elmi-texniki, həm də kadr potensialı baxımından mümkündür. SSRİ dövründə Ukrayna Rusiyadan sonra nüvə istehsalı ilə bağlı əsas infrastruktura malik ikinci respublika idi. İnformasiyanın Rusiya tərəfindən yayılması Avropa və NATO daxilindəki fikir ayrılıqlarını, xüsusən də Almaniyanın narazılığını dərinləşdirməyə hesablanmış bir addım ola bilər.”
Analitikk Almaniyanın bu məsələdəki mövqeyini Avropa liderliyi uğrunda rəqabətlə əlaqələndirib:
“Almaniya Avropada Ukrayna kimi yeni bir qlobal gücün yaranmasında maraqlı deyil. Çünki Berlin özü Avropanın yeni güc mərkəzinə çevrilməyi hədəfləyir. Ukrayna ilə rəqabətdə olmaq onun planlarına uyğun gəlmir.”

Təhlildə 1994-cü il Budapeşt Memorandumu və Londonun “mənəvi öhdəliyi” məsələsinə də xüsusi diqqət çəkilib:
“Böyük Britaniya 1994-cü il öhdəliklərinə istinad edərək, Ukraynanın ərazi bütövlüyünün qorunması məqsədilə nüvə silahı vermək məsələsini nəzərdən keçirə bilər. Lakin qənaətim budur ki, bu məlumatın sızdırılması həm Rusiyaya, həm də ABŞ-a qarşı tutarlı təzyiq elementidir. London təzyiq diplomatiyası (coercive diplomacy) vasitəsilə minimal resursla maksimal təsir göstərərək eskalasiyanı nəzarətə almağı planlayır. Bu gediş Putini və Trampı siyasi manevrlərini dəyişməyə məcbur edə bilər.”