Xəbərlər

“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

“Dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır. Vətəndaş öz evini özü tikəndə o torpağa daha çox bağlanır, ora öyrəşir və iqtisadi həyatını qurur. Biz insanı yox, işləməyən modelləri dəyişməliyik.”

Sosdem.az xəbər verir ki, bu təkliflərlə Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev parlamentdəki çıxışı zamanı çıxış edib.

Millət vəkili işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərini yüksək qiymətləndirsə də, məskunlaşma modelində ciddi dəyişikliklərə ehtiyac olduğunu bildirib:

“İşğaldan azad olunmuş ərazilərdə vacib işlər görülür. Amma dövlətin hər şeyi təkbaşına etməsi, bütün maliyyə yükünü üzərinə götürməsi uzunmüddətli həll deyil. Bu, nə büdcə üçün dayanıqlıdır, nə də insanların orada kök salması üçün doğru modeldir. Biz köçkünlər üçün evi də, kommunalı da dövlət hesabına qururuq, amma nəticədə bir hissəsi geri qayıdır. Səbəb sadədir: iş yeri azdır, iqtisadi həyat formalaşmayıb.”

MCP başqanı dövlət və vətəndaş arasında məsuliyyət bölgüsünün yeni variantını təklif edib:

“Dövlət yol çəksin, infrastrukturu qursun, məktəb və xəstəxana yaratsın. Amma evlərin tikintisi güzəştli mexanizmlərlə vətəndaşın özünə verilsin. Köçkün öz evini özü tikəndə o torpağa daha çox bağlanır. Tikə-tikə ora öyrəşir, qonşuluq münasibətləri formalaşır. Üstəlik, vətəndaş öz evini indiki qiymətlərdən iki dəfə daha ucuz məbləğə tikəcək.”

Bölgənin iqtisadi dirçəlişi üçün özəl sektorun önəmini vurğulayan deputat, “kənd konsepsiyası”na da yenidən baxmağa çağırıb:

“Qarabağı yalnız dövlət layihələri ilə bərpa etmək mümkün deyil. Bu bölgə real şəkildə özəl sektora açılmalı, kiçik biznes üçün süründürməçilikdən uzaq şərait yaradılmalıdır. Digər tərəfdən, hamını eyni kənd modelinə salmağın mənası yoxdur. Mal-qara saxlamaq istəməyən ailələr üçün xidmət və turizm üzərində qurulan şəhərcik tipli yaşayış məntəqələri formalaşdırılmalıdır. Kəndlər funksional zonalara bölünməlidir. Biz insanı yox, modeli dəyişməliyik.”

Bir cavab yazın

Back to top button