Vətəndaşı qapı-qapı salmaq dövlətçiliyə ziddir… – Deputat

“Şəhərdə gəzdiyim zaman bir qrup vətəndaş mənə yaxınlaşdı və bu məsələ ilə məşğul olmağımı israrla xahiş etdi. Görünən budur ki, bu sakinlər illərdir eyni problemi müxtəlif dövlət idarələrinə daşıyırlar, amma konkret cavab ala bilmirlər”.
Bu barədə Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev sosial şəbəkə hesabında paylaşım edib.
Sosdem.az-ın məlumatına görə, millət vəkili şəhər gəzintisi zamanı vətəndaşların ona yaxınlaşaraq Vətən müharibəsi dövründə raket zərbələrindən zərər çəkmiş evləri ilə bağlı şikayətlərini çatdırdığını bildirib.
MCP başqanı qeyd edib ki, 17.10.2020-ci il tarixində Gəncəyə atılan raketlər nəticəsində evləri dağılan sakinlər hələ də çarəsizdir:
“Vətəndaşlar deyirlər ki, evlər yaşayış üçün yararsızdır, amma bəzilərinə vəsait tam ödənilməyib, bəzilərinə isə ümumiyyətlə sənədlər təqdim olunmayıb. Sakinlər borc və kredit hesabına evlərini qismən təmir ediblər, indi isə o borcları ödəməkdə çətinlik çəkirlər. Ən əsası, təmir işlərini aparan şirkət tərəfindən vəsaitlərin xərclənməsində şəffaflıq təmin olunmayıb. Sakinlər ayrılmış vəsaitin düzgün istifadəsinin yoxlanılmasını və yenidən komissiya yaradılmasını tələb edirlər”.

Deputat sakinlərin dövlət qurumları tərəfindən konkret cavab ala bilməməsinə kəskin reaksiya verib:
“Onlar müxtəlif dövlət idarələrində olublar, amma konkret cavab yoxdur. Ölkəmizdə çox ciddi şəkildə ‘baş altına yastıq qoyma’ meyli var və bu, yaxşı hal deyil. Vətəndaşı o idarədən bu idarəyə yönləndirməkdənsə, məsələyə ədalətli baxılmalıdır. Biz həmkarlarla birlikdə vətəndaşlarla yenidən danışıb, həll yollarını aidiyyəti dövlət qurumları ilə müzakirə edəcəyik.”