Bakı-Moskva arasında “soyuq küləklər”: Zəngəzur çəkişməsi – ŞƏRH

Azərbaycanın Ukraynaya göstərdiyi ardıcıl humanitar yardımlar Rusiyaya diplomatik bir cavabdır.
Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov regionda sürətlə dəyişən siyasi mənzərəni şərh edib.
Ekspert Azərbaycanın artan diplomatik çəkisi və Moskvanın bölgədə daralan təsir imkanları fonunda yaranan gərginliyi təhlil edərək, sülh prosesindəki yeni mərhələyə diqqət çəkib.
Əbu-Dabi Zirvəsi və Azərbaycanın Diplomatik Qələbəsi
Politoloq fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərində Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşü, 2025-ci ilin avqustunda sülh sazişinin paraflanmasından sonrakı ən mühüm hadisə kimi qiymətləndirib. Onun fikrincə ABŞ-nin təşkilatçılığı ilə keçirilən bu zirvə və İlham Əliyevə təqdim olunan “Zayed İnsan Qardaşlığı Mükafatı” Azərbaycanın regional proseslərdə artan rolunun göstəricisidir.
Separatçılara Oxunan Hökm: Moskvaya Siyasi Mesaj
MCP rəsmisi qeyd edib ki, fevralın 5-də separatçı rejim nümayəndələrinə oxunan məhkəmə hökmləri isə bölgədəki status-kvonu tamamilə dəyişib:
“Bu hökmlər Ermənistandan çox Rusiya siyasi elitasını narahat etdi. Çünki bu addım Moskvanın Qarabağ üzərindən təsir imkanlarını hüquqi müstəvidə tamamilə məhdudlaşdırdı. Ermənistanda bəzi dairələr bunu normallaşma üçün maneənin götürülməsi kimi görsə də, Kreml bunu institusional narazılıqla qarşıladı. Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin ittihamlarına rəsmi Moskvanın sükutu bu mövqeyin fərdi yox, birbaşa Kremlin siyasi xətti olduğunu sübut edir.”
Zəngəzur Dəhlizi və Rusiyanın Oyundan Kənar Qalması
Münasibətlərdəki kəskinləşmənin əsas səbəblərindən biri də Zəngəzur dəhlizi ətrafında yaranan yeni hüquqi vəziyyətdir, deyən politoloqun fikrincə, ABŞ və Ermənistan arasında imzalanan TRIPP razılaşması Rusiyanı lahiyədən kənarlaşdırıb:
“TRIPP razılaşması Zəngəzur dəhlizi məsələsini 10 noyabr üçtərəfli bəyanatı çərçivəsindən çıxararaq ikitərəfli (ABŞ-Ermənistan) müstəviyə daşıdı. Rusiyanın separatçıların taleyinə göstərdiyi kəskin reaksiya, əslində cinayətkarların taleyi ilə bağlı deyil, Moskvanın vasitəçilik imkanlarının daralması və Zəngəzur dəhlizinə nəzarəti itirməsi ilə əlaqədardır. Moskva bu layihədə iştirak istəyini bildirməklə, əslində 10 noyabr bəyanatının hüquqi gücünün tükəndiyini etiraf edir.”

Bakının Cavab Reaksiyası: Ukrayna və İsrail Amili
Başqan müavini, Azərbaycanın Rusiyanın təzyiqlərinə qarşı balanslı, lakin qətiyyətli siyasət yürütdüyünü bildirib:
“Azərbaycanın Ukraynaya göstərdiyi ardıcıl humanitar yardımlar Rusiyaya diplomatik bir cavabdır. Eyni zamanda, İsrail ilə süni intellekt sahəsində əldə olunan yeni razılaşmalar Bakının texnoloji və hərbi müstəvidə müstəqil güc mərkəzinə çevrilmək hədəfini göstərir.”
Gələcək Risk və Gözləntilər
ABŞ vitse-prezidenti Venisin regiona gözlənilən səfəri ərəfəsində Rusiyanın təzyiqlərinin artacağını proqnozlaşdıran analitik, Moskvanın hələ də bəzi manevr imkanlarına malik olduğunu xatırladıb:
“Ermənistanda bu yay keçiriləcək parlament seçkilərinə Moskvanın müdaxiləsi, hətta hərbi müdaxilə ehtimalı belə istisna deyil. Bu yolla Rusiya Zəngəzur dəhlizinə nəzarəti bərpa etmək istəyə bilər. Lakin Ukrayna müharibəsinin uzanması və rəsmi Kiyevin güzəştsiz mövqeyi Rusiyanı Qafqazda ABŞ ilə birbaşa hərbi qarşıdurmaya getməkdən çəkindirən əsas faktordur.”
Şərhçinin qənaətinə görə, Ermənistanın Azərbaycanla iqtisadi əlaqələrinin bərpası və konfliktlərin tam həlli Rusiyanın regiondakı mövcudluğunun sonlanması mənasına gəlir ki, bu da “Qafqazın matrisi”nin Bakının xeyrinə dəyişməsidir.