Xəbərlər

Bu, dostluğa yox, düşmənçiliyə xidmət edir – Deputat

Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Azərbaycanın suverenliyinə qarşı yönəlmiş təxribatçı fikirlərinə sərt münasibət bildirib.

Sosdem.az-a danışan millət vəkili qeyd edib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz və bu məsələ beynəlxalq hüquqla tanınaraq hər kəs üçün aydındır.

MCP başqanı bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan açıqlamalar yolverilməzdir:

“Belə çıxışlar nə sülhə, nə də əməkdaşlığa xidmət edir. Əksinə, regionda gərginlik yaradır və münasibətlərə zərər vurur”.

Azərbaycan və Rusiya arasındakı münasibətlərin normal və qarşılıqlı hörmətə əsaslanmalı olduğunu vurğulayan deputat əlavə edib:

“Ayrı-ayrı siyasətçilərin məsuliyyətsiz və təxribatçı fikirləri bu münasibətlərə kölgə salır. Bu cür yanaşmalar dostluğa yox, düşmənçiliyə xidmət edir”.

Sonda parlamentari vurğulayıb ki, başqa bir dövlətin ərazi bütövlüyünü sual altına almaq qəbulolunmazdır və Azərbaycan öz suverenliyini qətiyyətlə qorumağa davam edəcək:

“Konstantin Zatulin və onun kimilər digər ölkələrlə münasibətlərimizə xələl gətirməyə nail ola bilməyəcəklər”.

Bir cavab yazın

Back to top button