Xəbərlər

Bakı-İrəvan-Ankara: Yeni Cərəyan – ŞƏRH

“Türkiyə və Azərbaycanla enerji sistemlərinin birləşdirilməsi Ermənistan hakimiyyətinin gündəmindədir və bunu Ermənistanın Baş naziri Nikol Paşinyan da açıq şəkildə qeyd edib. Digər erməni rəsmiləri də bu məsələdə rəsmi mövqeni açıqlayıblar”.

Sosdem.az xəbər verir ki, bunu Gununsesi.info-ya Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, bu istiqamətdə rəsmi İrəvanın konkret planları mövcuddur:

“Azərbaycan və Türkiyə də bu məsələdə hazırdır. Lakin bunun üçün müvafiq infrastrukturun qurulması vacibdir. Hazırda Ermənistanla Azərbaycan arasında elektrik şəbəkələrinin birləşdirilməsi istiqamətində infrastruktur demək olar ki, mövcud deyil. Eyni zamanda, Zəngəzur dəhlizi və TRİP layihəsi çərçivəsində yaşıl enerji və elektrik xətlərinin çəkilməsi ilə bağlı planlar var. Bu layihələr təkcə nəqliyyat deyil, eyni zamanda enerji dəhlizi funksiyasını daşıyacaq və Ermənistanın da bu şəbəkəyə qoşulması nəzərdə tutulur”.

Ekspert hesab edir ki, gələcək perspektivdə Türkiyə, Ermənistan və Azərbaycanın enerji infrastrukturunun birləşdirilməsi mümkündür:

“Bunun üçün isə ilk növbədə Ermənistanla sülh müqaviləsinin imzalanmasından 2–3 il sonra bu məsələlərə baxıla bilər. Məhz Əbu-Dabidə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında keçirilən görüşdə də bu mövzuların müzakirə olunduğu bildirilir.

Enerji infrastrukturunun və elektrik xətlərinin birləşdirilməsi, eləcə də yeni infrastrukturun yaradılması üçün həm Ermənistan, həm də Azərbaycan tərəfindən layihələndirmə işləri aparılmalıdır. Lakin hazırkı mərhələdə bu, hələ mümkün deyil. Nə Zəngəzur dəhlizində, nə də Azərbaycanla Ermənistanın digər sərhəd rayonlarında bu istiqamətdə zəruri infrastruktur mövcuddur və onun qurulmasına ehtiyac var”.

MCP rəsmisinin sözlərinə görə bu məqsədlə müvafiq komissiyanın yaradılması zəruridir və yaxın perspektivdə bu mümkün ola bilər:

“Ermənistan bu məsələdə planlı şəkildə hərəkət edir və bunu artıq açıq şəkildə bəyan edib. Azərbaycan da hesab edirəm ki, bu təşəbbüslərə etiraz etməz. Çünki enerji xətlərinin birləşdirilməsi və şaxələndirilməsi Azərbaycan–Türkiyə–Avropa enerji xəttinin Zəngəzur dəhlizi vasitəsilə Ermənistan ərazisindən keçməsinə imkan yarada bilər. Göründüyü kimi, bu istiqamətdə geniş planlar mövcuddur və dövlətlərin siyasi iradəsi var. Məhz buna görə də yaxın perspektivdə bu layihələrin reallaşacağı istisna edilmir”.

Bir cavab yazın

Back to top button