Xəbərlər

Vətəndaşın cibinə göz tikənlər ifşa olunmalıdır! – Deputat

Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev İmişli rayonuna etdiyi səfərdən sonra ölkədəki məmur özbaşınalığı, korrupsiya və vətəndaş narazılığı ilə bağlı kəskin fikirlərini bölüşüb. Deputat yerlərdəki real vəziyyəti “dərd içində boğulan insanlar” kimi xarakterizə edərək, islahatların zəruriliyini vurğulayıb.

“Problemlər ildən-ilə keçir, həll edən yoxdur”

Sosdem.az xəbər verir ki, İmişlidə rayon mərkəzində, kəndlərdə seçicilərlə görüşən millət vəkili, insanların illərdir eyni problemlərlə mübarizə apardığını qeyd edib. O, bir çox vəzifəli şəxsin öz işinə laqeyd yanaşmasından hiddətləndiyini gizlətməyib:

“İmişlidə oldum, kəndləri gəzdim, evləri ziyarət etdim, yas məclislərinə getdim və seçicilərlə görüşdüm. Hamı problem içində, dərd içində və problemləri də həll olunmadan aydan-aya, ildən-ilə keçir. Çünki heç kim onların problemlərini həll etmək üçün çalışmır. Hərdən özüm də ruhdan düşürəm ki, axı niyə belə olur? Niyə bu ölkədə hər kəs üzərinə qoyulan vəzifəni doğru-dürüst yerinə yetirmir?”

“Vəzifə borcu üçün vətəndaşın cibinə baxmaq cinayətdir”

MCP başqanı dövlət qurumlarında yaranmış “məktub dövriyyəsi” və rüşvət faktoruna toxunaraq, vəzifəli şəxslər üçün ciddi hesabatlılıq sisteminin qurulmasını təklif edib:

“Niyə bizim ölkəmizdə kimsə vəzifə borcunu yerinə yetirmək üçün gözünü vətəndaşın cibinə tikir? Niyə rüşvət azalmır, niyə problemlər azalmır, niyə şikayət məktublarının sayı günü-gündən çoxalır? Konkret olaraq vəzifəli şəxslər qarşısında ciddi şərt qoymaq lazımdır ki, aylıq hesabat versinlər ki, nə qədər şikayətlər həllini tapıb?”

“Qohumbazlıq və sabotaj edən məmurlar uzaqlaşdırılmalıdır”

Parlamentari dövlətçiliyə zərbə vuran, vəzifəyə gələn kimi öz yaxınlarını ətrafına toplayan şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini qeyd edib:

“Kim sabotaj edirsə, boş yerdən narazılıq yaradırsa, onları vəzifələrdən uzaqlaşdırmaq lazımdır. Vəzifəli şəxslərin vəzifəyə gəldiyi gündən sonra qohum-əqrəbasına, dostuna, tanışına vəzifə paylamaq qadağan olunmalı və buna görə məsuliyyət ortaya qoyulmalıdır. Vətəndaşı rüşvət üçün dağa-daşa salıb incidən məmur vəzifədən uzaqlaşdırılmalı və haqqında cinayət icraatı başlanmalıdır.”

Milli Birlik və İfşa Çağırışı

Çıxışının sonunda deeputat ölkə Prezidentinin şəffaflıq naminə ortaya qoyduğu siyasi iradəni xatırladaraq, xalqı və dövləti bu “natəmiz” elementlərdən təmizləməyə səsləyib:

“Gəlin gözümüzü-qulağımızı açıq saxlayaq və gördüyümüz, bildiyimiz qanunsuzluq və haqsızlıqları paylaşaq. Güclü dövlətimiz, ölkənin xöşbəxt gələcəyini düşünən beyinlər var. Ölkəni bütövləşdirən, şəffaflıq üçün siyasi iradə ortaya qoyun və xalqdan doğruları eşitmək istəyən Prezident var. Bu ölkəni natəmizlərdən təmizləmək üçün dövləti və milli birliyi qorumalıyıq. Saman altdan su yeridənləri, dövlətin siyasətinə qarşı çıxanları kim olursa olsun ifşa edək. Dövlət naminə, xalq naminə!”

Bir cavab yazın

Back to top button