Deputat gəncləri təbrik etdi: Pulsuz təhsil…

Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ölkə gənclərinə təbrik ünvanlayıb. Deputat öz müraciətində gənclərin qarşılaşdığı fundamental məsələlərə toxunaraq, dövlətçilik və sosial rifahla bağlı mühüm mesajlar verib.
Sosdem.az xəbər verir ki, Millət vəkili gəncliyi dövlətin onurğa sütunu adlandıraraq, onların inkişafı üçün maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Razi Nurullayevin təbrik müraciətində deyilir:
“Əziz Azərbaycan gəncləri! Sizi Gənclər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz bizim dövlətçiliyimizin ən böyük təminatçısı və gələcəyimizin qurucularısınız. Arzum budur ki, hər bir Azərbaycan gənci yüksək milli ruhda, dövlətinə və bayrağına sadiq bir vətəndaş kimi yetişsin.
Hesab edirəm ki, gənclərin inkişafı üçün təhsil həlledici faktordur. Heç bir gənc maddi çətinlik səbəbindən arzularından imtina etməməlidir. Arzu edirəm ki, ölkəmizdə təhsil tamamilə pulsuz olsun və hər bir istedadlı gənc bu imkandan yararlana bilsin.
Gənclərimizin ən böyük problemi olan məşğulluq məsələsi də köklü həllini tapmalıdır. Ali təhsilini bitirən hər bir gənc iş axtarmaq əzabından və qayğısından azad olmalı, birbaşa öz ixtisasına uyğun, layiqli əməkhaqqı verən işlə təmin edilməlidir. Gəncliyin enerjisi sosial sıxıntılara, mənzil problemlərinə və gündəlik çətinliklərə deyil, yalnız və yalnız elmə, yaradıcılığa və ölkəmizin tərəqqisinə sərf olunmalıdır. Hər birinizə sosial qayğılardan uzaq, firavan və işıqlı bir gələcək arzulayıram.”
Sonda deputat gənclərə fəaliyyətlərində uğurlar arzulayaraq, hər zaman onların səsi olmağa davam edəcəyini bildirib.
